“AirAsia” şirkətinə məxsus təyyarədə həlak olanların axtarışı əməliyyatı yanvarın 27-də başa çatdırıla bilər

“AirAsia” şirkətinə məxsus təyyarədə həlak olanların axtarışı əməliyyatı yanvarın 27-də başa çatdırıla bilər
10:38 23 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+


Cakarta, 23 yanvar, AzərTAc
İndoneziyanın hökumət orqanları “AirAsia” şirkətinə məxsus təyyarədə həlak olanların axtarışı əməliyyatının yanvarın 27-də başa çatdırılacağını istisna etmirlər.
Yanvarın 23-də Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelisti bu barədə məlumat verərək bildirib: ”Hələlik işlər davam etdirilir, amma yanvarın 27-dən sonra hansı addımların atılacağı barədə qərar qəbul olunacaq. Əmin deyiləm ki, əməliyyatın davam etdirilməsi qərara alınsın. Vəziyyət, əlbəttə, dəyişə bilər, amma bunun üçün şans çox azdır”.
İndoneziya hökuməti bir neçə gün bundan əvvəl beynəlxalq əməliyyatların dayandırılması barədə qərar qəbul etdikdən sonra bir çox dövlətlərin, o cümlədən, ABŞ, Çin və Rusiyanın hərbi-dəniz qüvvələri A320-200 təyyarəsinin axtarış rayonunu tərk ediblər.
Hazırda indoneziyalı xilasedicilər əsas diqqəti qəzanın qurbanlarının axtarışına yönəldiblər. Təyyarənin göyərtəsində olanlardan artıq 59-nun cəsədi dənizdən çıxarılıb. Mütəxəssislərin bildirdiyinə görə, həlak olanların əksəriyyətinin cəsədləri təyyarənin dalğıclar tərəfindən öyrənilən böyük parçasındadır. Həmin parçanın suyun üzərinə qaldırılması üçün artıq bir neçə dəfə göstərilmiş cəhd uğursuzluqla nəticələnib.
Beynəlxalq qaydalara uyğun olaraq, qəzadan 30 gün sonra –yanvarın 28-də İndoneziya hökuməti qəzanın səbəbləri barədə ilkin hesabatı Beynəlxalq Mülki Aviasiya Təşkilatına təhvil verməlidir.
Xatırladaq ki, dekabrın 28-də Surabayadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra Kalimantan adaları rayonunda radarların ekranlarından itib. Xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR