“Çayxanalarda oturub futbola getməyən kişiləri başa düşmürəm” - “MƏŞHUR FANATLAR”

“Çayxanalarda oturub futbola getməyən kişiləri başa düşmürəm” - “MƏŞHUR FANATLAR”
12:04 23 Yanvar 2015
416 İdman
Ölkə mətbuatı
A- A+

Dietoloq Leyla Zülfüqarova: “”Qarabağ”ın legionerlərindən xoşum gəlmir”

İdman sevgisi sərhəd, yaş həddi tanımır. Dünyanın istənilən yerində, 7-dən 77-yə əksər insanların ürəyi idmanla döyünür. Bu mənada, xanımlar da kişilərdən geri qalmırlar.

Bir həkim qadının idmana, əsasən də futbola sevgisi ola bilərmi? Niyə də olmasın? Bunu Lent.az-ın “Məşhur fanatlar” layihəsinin növbəti qonağının timsalında görəcəksiz.

Söhbət ölkənin ən tanınmış dietoloqlarından olan Leyla Zülfüqarovadan gedir. Onunla söhbətimiz həddindən artıq maraqlı alındı...

 

- Sağlam bədəndə sağlam ruh olar və mən də bu fikrin tərəfdarıyam. Dietologiya sağlam qidalanmaq deməkdir. Həmişə düzgün qidalanmalıyıq ki, normal vücudda, parametrdə qalaq. Allahın yaratdığı mükəmməl bir əsəri, yəni sağlam bədənimizi ömrümüzün sonuna qədər qorumalıyıq. Bu mənada, bizə nə yardımçı ola bilər? Təbii ki, normal şəkildə qidalanmağımız və idman. Hərəkətlər və aktiv bədən tərbiyəsi. Düzdür, mənim çalışdığım pasientlərin arıqlaması və ya kökəlməsi üçün mübarizə aparırıqsa, bunu idmansız edirik. Yəni proqramımda idman yoxdur. Buna baxmayaraq, mən idmanı inkar edə bilmərəm. Əksinə, idmanın insan üçün nə dərəcədə sağlıqlı olduğunu dönə-dönə vurğulayıram. Gündəlik həyatımızda biz kifayət qədər artıq kalorilər alırıq. Nə qədər kalori alırıqsa, ondan ikiqat çox kalori xərcləməliyik. Bu xərcləmə təbii ki, idmanla, fiziki hərəkətlə baş verir. Qısası, idman insan üçün çox önəmlidir.

 

- Özünüz necə, idmanla məşğul olursuzmu?

- Mənim idmanla məşğul olmağa, sözün düzü, vaxtım yoxdur. Amma bir xırda məqam deyəcəm. Biri var aktiv idman, biri də var bədən tərbiyəsi. Bədən tərbiyəsi 7-dən 77-yə hər kəsə lazımdır. Bunun yaş kateqoriyası yoxdur. Hətta hamilə xanımlar da bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Bədən tərbiyəsi insanın gün ərzində aktiv fiziki hərəkətdə olması deməkdir. Mən heç vaxt aktiv idman etməmişəm. Halbuki idmanın bir çox növünə marağım olub. İdmanla məşğul olmasam da, həyatım aktiv bədən tərbiyəsinin içərisində olub. Çünki bütün günü iş fəaliyyətindəyəm. İnsanın özünün normal bədən ritmi var. Mən həmin ritmi qorumaq üçün bütün günümü, həyat fəaliyyətimi ona uyğun kökləyirəm. Yürüş etməyə, fitnes salonlarına getməyə vaxtım yoxdur. Amma rəqsi sevirəm. Lakin ona da vaxtım olmur. Çalışıram ki, bunları bütün günü intensiv çalışmaqla sığortalayım.

 

- İdmanın hansı növü sizə daha yaxındır?

- Rəqs. Zumba rəqsləri var. Latın Amerika rəqsləri ilə fitnesin bir arada toplanmış platformasıdır. Çox gözəl rəqs növüdür. Birincisi, insanın əhval-ruhiyyəsini qaldırır. İkincisi, insan bədənində xüsusi əzələlər var ki, onlar gündəlik çalışmalıdırlar. Məhz bu rəqslərdə həmin əzələlər hərəkətdə olurlar. Sizə bir xırda sirrimi açım (gülür). Vaxtım olanda evdə özüm üçün 1-2 saatlıq musiqi şənliyi yaradıram. Təbii ki, tək olanda. Seçdiyim çox gözəl musiqilər var. Normal bədən ritmimə görə evdə rəqs edirəm. Bununla həm stress atıram, həm də əzələlərimi həftədə 1-2 dəfə olmaqla, artıq yükləyirəm. Bir sözlə, özüm üçün rəqs edirəm.

 

- “İdmanın şahı” futbol sayılır. Əksər azərbaycanlı xanımlar isə futbolu sevmirlər. Bəs siz?

- Futbolla maraqlanıram. Kanalların birində aparıcı olan yaxın dostumuz var. Onun futbola olan sevgisini gördüm. Bundan sonra məndə də idmana həvəs yarandı və azarkeş oldum (gülür). Təbii ki, öz komandamızın, "Qarabağ"ın azarkeşi. Bilirəm ki, bu komandanın çoxlu xanım fanatı var. Çox istərdim ki, məni də "Qarabağ"ın xanımlardan ibarət fan-klubuna üzv etsinlər (gülür). Çünki bu enerjini artıq almışam. Mənə görə, idman ən gözəl vətənpərvərlik ruhudur. Məhz bu səbəbdən "Qarabağ"ın azarkeşi oldum.

 

- Heç stadiona gedib, futbola baxmısız?

- Stadionda qadınlardan ibarət azarkeş kütləsi olarsa, mən də ora cəlb olunmaq istəyərəm. "Qarabağ"ın Avroliqa oyunlarında belə bir kütlənin olduğunu sizdən eşitdim. Məni qorxudur ki, stadionda çoxlu kişilər olur, söyüş söyürlər. İndiyə qədər məndə stadion fobiyası olub deyə, həyatımda stadiondan futbol izləməmişəm. Amma bu arzu ürəyimdə qalıb. İnsan bəzən nəyi bəyəndiyinin fərqinə belə, varmır. Artıq başa düşürəm ki, futbolu sevirəm. "Qarabağ" oynayanda 2 saat televizorun qarşısında əyləşib, izləmişəm. Düzdür, əvvəl də futbol haqda müəyyən təsəvvürüm var idi. Evdə atam, qardaşım futbol izləyəndə kənardan görmüşəm. Amma sadəcə qolları izləyirdim. “Qarabağ” oynayanda isə 2 saat oturub, oyunu tam izlədim. Bu o deməkdir ki, artıq azarkeşəm. "Qarabağ"ın "İnter"lə Bakıdakı oyunu məni də çox məyus etdi. Hakimin haqsızlığını nəzərdə tuturam. Zənnimcə, orda ofsayd yox idi (gülür). Görürsüz, artıq qaydaları da öyrənmişəm. Futbolda 11 metrlik cərimə zərbəsinin, sarı və qırmızı vərəqələrin olduğunu bilirəm (gülürük).

 

- "Qarabağ"dan ağızdolusu danışırsız. Maraqlıdı, komandanın heyətində kimləri tanıyırsız?

- Rəşad Sadıqov, baş məşqçi Qurban Qurbanov. "Qarabağ"da legionerlər də var, onları isə sevmirəm. Məndən asılı deyil, onları özümüzünkü saymıram. Patriot insanam. Bəlkə də məni futbola cəlb edən bu oldu. Çox istəyirəm ki, Azərbaycan futbolu birinci olsun və xanımlardan ibarət klublarımız olsun.
 

- Azərbaycan yığmasının oyunlarını necə, izləyirsizmi?

- Əslində patriotizm baxımından yığmanı daha çox izləməliyik. Çünki Azərbaycanın adını təmsil edir. Amma bu seçimi biz etmirik. Kim daha yaxşı oynayırsa, onun da oyununu izləyirik. Mən millinin də oyununu görmüşəm. Buna əsasən deyə bilərəm ki, daha çox "Qarabağ"ın oyununu bəyənirəm. Futbol zamanı emosiyalara qapılırsan, hətta göz yaşların tökülə bilər. Məndə də bu hal olub. "Qarabağ"ın "İnter"lə görüşü zamanı çox narahat olmuşdum. Ölkəni təmsil etmək üçün bir çox yarışlar var: olimpiada, "Eurovision" musiqi yarışması və s. Duyğular eynidir, amma mənə elə gəlir ki, futbol daha çox önə apara bilir. Bunun səbəbini bilmirəm. Bəlkə də, bu, daha çox fiziki qalibiyyət istəyindən irəli gəlir. Futbol musiqi yarışlarından fərqli olaraq, siyasət oyunu deyil. Futbol konkret güc oyunudur. Bəlkə də, futbolda da siyasət var, amma tam önə çıxmır.

 

- Adətən böyük turnirlər, məsələn dünya və ya Avropa çempionatı olanda, qadınlar istəmədən belə, futbola az-çox maraq göstərirlər...

- Razıyam. 2002-ci ildəki dünya çempionatı yadımdadır. Braziliya çempion olmuşdu. Heyətlərində Ronaldo var idi. Evdəkilər də həmin çempionatı izləyirdi və həyəcan yaşanırdı. Mən də yavaş-yavaş həmin həyəcanı yaşayanlardan biri olurdum. Bizimkilər futbola baxanda mən heç vaxt narazılıq etməmişəm. Əksinə oturub, həyəcanla qol vurulan anları gözləmişəm. Demişəm ki, qol vurulanda məni çağırın. Amma həmin çempionat böyük səs-küy yaratmışdı. Həmin vaxt tələbə idim. Bizim qrupda oğlan yox idi. Qızlar olmasına rəğmən, bizim müzakirə edəcəyimiz bir mövzu var idi: Braziliyada keçirilən çempionat. Düzdür, Azərbaycan həmin turnirdən uzaq idi, amma Türkiyə var idi. Bizim üçün Türkiyə yaxın idi, sanki bizi təmsil edirdilər. Yadımdadır, yarımfinalda uduzdular. Türklərin heyətində Rüştü, Hakan Şükür və İlhan Mansız yadımdadır. Səhv etmirəmsə, çempionatdan sonra İlhana bürüncdən heykəl qoydular. Həmin vaxt özümüzə sual verirdik ki, niyə bizdə futbol yoxdur? Vaxt gəldi, indi Türkiyənin yox, özümüzün azarkeşiyəm.

"Qalatasaray"ın da matçlarını izləmişəm. Yadımdadır, həmin ərəfələrdə "Qalatasaray" Çempionlar Liqasında 1/4 finalda uduzmuşdu (gülür).

 

- Bizdə xanımlar bir yana, kişilər də stadionlara çox getmirlər. Sizcə, futbolumuzun azarkeş problemi nədən qaynaqlanır? İnsanların laqeyd münasibətindən, yoxsa futbolumuzun səviyyəsinin aşağı olmasından?

- Mən bir xanım olaraq, elə kişiləri anlaya bilmirəm. Mən xanımam, futbolu izləməyə çox vaxtım yoxdu. Amma imkan tapan kimi futbol izləyirəmsə, deməli, futbolu sevirəm. Amma hansısa bir kişi futbolu izləmirsə... Əgər çayxanalarda oturub nəsə müzakirə etməyə vaxtları varsa, niyə futbolu yox, başqa əyləncəni seçirlər? Düşünürəm ki, hansı insanın daxilində vətənpərvərlik qığılcımı varsa, o futbola baxır. Problem həm insanlardadır, həm də futbolumuzda. Təbliğat forması tələbatdan yaranır. Öz sahəmdən bir müqayisə aparacam. Dietologiya barədə az adam bilirdi. Amma buna bir ehtiyac var idi, təbliğ etmək lazım idi. Bir şey yüksək şəkildə təbliğat olunmalıdır ki, insanlar onu anlasınlar. Mənim də futbola sevgimin artmasında təbliğatın rolu oldu. Gördüm ki, futbol insanlar üçün həyat tərkibidir. Dedim ki, cəlb edən nədir, daha çox vaxt ayırım, futbola baxım. 2 saatımı sərf edib, baxanda gördüm ki, futbolda daha çox emosiya, insanın gözünü yaşardacaq məqamlar var. Sənin ölkən qol vurursa, stadionda ölkənin adı qışqırılır. Bütün komanda bunun üçün çalışır ki, sonda ölkənin adı çəkilsin. Mənə görə, futbol budur.

 

- Müasir dövrün ulduz futbolçularından kimləri tanıyırsız?

- Viktoriya Bekhemin ailəsinin fanatıyam. Onun yoldaşı Devid Bekhem futbolçu idi. Kriştianu Ronaldo və Messini də tanıyıram. Bilirəm ki, son dünya çempionatının finalında Messinin komandası qələbə qazana bilmədi. Götze (Almaniya yığmasının üzvü Mario Götzeni nəzərdə tutur - T.M) qol vurdu və onun komandası çempion oldu (gülür). Mənim üçün futbolçunun peşəkarlığından əlavə, insan fakturası önəmlidir. Mən öz futbolçularımızı sevirəm. "Qarabağ"ın bütün azərbaycanlı futbolçularını, hətta karyerasında heç qol vura bilməyəni də dəstəkləyirəm, nəinki legioneri. Razıyam, legionerlər indiki müddətdə bizə lazımdırlar. Qoy, onlar bizə öyrətsinlər, hələ işləsinlər, qol vursunlar, amma zamanında biz öz futbolçularımıza dəstək olmalıyıq. Yaxşı futbolçu bu torpaqdan yetişsin. Tarix yazmaq lazımdır. Ölkənin tarixini yazan öz sərkərdəsi, qəhrəmanı olmalıdır. Futbolda da qəhrəmanlarımız özümüzünkülər olsa, yaxşıdır. Tofiq Bəhramov kimi dünyaca məşhur futbol adamlarımız yetişməlidir.

 

- Subay xanımsız. Ailə həyatı qurandan sonra övladlarınızın futbolçu olmasını istərdinizmi?

- Təbii ki, oğlan övladımın futbolçu olmasını istəyərəm. Hər kəsin hobbi seçimi azaddır. Qızım belə, futbolu hobbi kimi seçsə, ona azadlıq verərəm. Mən düşünürəm ki, hər kəsin həyatında fəaliyyətindən başqa hobbiyə vaxt ayırması lazımdır. Modern düşüncəli insanam. Oğlumun daha azad seçim imkanı olacaq. Bəlkə də, mənim hobbi kimi düşündüyüm bir sahəni özü üçün əmək fəaliyyətinə çevirəcək. Belə bir şey olsa, münasibətim normal olar. Dahi Nizami Gəncəvinin sözləridir: “Mahir bir palançı olsa da, insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Deyək ki, mən həkiməm və oğlumu istəmədən bu sahəyə yönəltdim. Amma o, bu işin peşəkarı olmayacaq. Həkimliyi oxuyub, ürəyi futbolla döyünəcəksə və o sahədə peşəkar olacaqsa, nəinki razı, hətta dəstək olaram.

 

 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR