Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb. Lent.az-ın mnəlumatına görə, bu sözləri daxili işlər nazirinin müavini Vilayət Eyvazov kollegiya iclasında deyib.

O, bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub.

Xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.