Bakı, 14 iyul, AZƏRTAC
İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur. Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində deyib.
“İçməli su ilə təminat əlbəttə ki, ilk növbədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Ancaq bununla bərabər qeyd etməliyəm ki, digər qurumlar da bu işlərlə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuları quraşdırır”, - deyən dövlətimizin başçısı bildirib ki, bu il 90 min əhali içməli su ilə təmin olunub, 48 məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir. Bu proses davam etdirilməlidir: “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması davam edir. Hər il Prezidentin Ehtiyat Fondundan xüsusi vəsait ayrılır, bu barədə sərəncam mətbuatda dərc edilir və o sərəncamda həm kənd əhalisinin bunu bilməsi, eyni zamanda, nəzarət üçün bütün kəndlərin adları göstərilir. Bu il kəndlərdə 300 quyu qazılmalıdır. Onlardan 170-i artıq qazılıbdır və bu proqram artıq 630 min insanı əhatə edir. Beləliklə, “Azərsu” ilə bərabər, ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması üçün edirik və etməliyik”.
Suvarma ilə bağlı layihələrə də toxunan Prezident İlham Əliyev qeyd edib ki, artıq onların böyük hissəsi başa çatıb: “Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək.
Xızı rayonunda artıq kanallar tikilir. Taxtakörpüdən qidalanan torpaq sahələri müəyyən edilib və minlərlə hektar torpaq sahəsi bu il artıq suvarılacaq və oradan biz yaxşı məhsul gözləyirik. Beləliklə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmli addımlar atılmış olur.
Bu il Tovuzçay su anbarının tikintisi başa çatıb. Bu da çox önəmli layihədir. İyirmi min hektar torpaqda suvarma yaxşılaşdırılacaq və 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır”.