Robert Köçəryan Ermənistan iqtisadiyyatında yaranmış vəziyyətlə bağlı hökuməti kəskin tənqid edib

Robert Köçəryan Ermənistan iqtisadiyyatında yaranmış vəziyyətlə bağlı hökuməti kəskin tənqid edib
16:02 23 Yanvar 2015
228 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 15:56 ]

“Ölkədə inhisarçılıq artır, investisiyaların həcmi kəskin azalır, investisiya fəallığı deqradasiyaya uğrayır. Mövcud siyasi monopoliyanın saxlanması fonunda daxili siyasi vəziyyət normallaşmayacaq”

Bakı - APA. “Avrasiya İqtisadi İttifaqına daxil olmaqla, Qərb şirkətləri üçün cəlbediciliyimizi itirmiş olduq. İranla ticarətimizin həcminin taleyi də məlum deyil. Proqnozlara əsasən, əlvan metalların dünyadakı qiyməti də düşəcək. Ermənistan bankları üçün normativlərin sərtləşdirilməsi isə kredit vəsaitlərinin bahalaşmasına gətirib çıxaracaq. Bu o deməkdir ki, biznesin kreditləşməsi bahalaşacaq. İqtisadiyyatda inhisarçılıq artır, investisiyaların həcmi sabit şəkildə azalır, investisiya fəallığı deqradasiyaya uğrayır. Mövcud siyasi monopoliyanın qorunub-saxlanacağı fonunda daxili siyasi vəziyyət normallaşmayacaq”.

 

APA-nın məlumatına görə, bunu “2rd.am” saytına müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Köcəryan deyib.

 

Ermənistan milli valyutasının sürətlə ucuzlaşmasına toxunan R. Köçəryan hökumət nümayəndələrinin bunu geosiyasi proseslərin nəticəsi kimi təqdim etmək cəhdlərinin yersiz olduğunu vurğulayıb. O, ötən ilin dekabrında dramın məzənnəsinə cavabdeh olan dövlət strukturlarının ölkənin milli valyutasının qəflətən ucuzlaşmasının qarşısını almaq üçün atdığı addımları yarımçıq və gecikmiş adlandırıb.

 

Sabiq prezident Ermənistan hökumətini dünyada neftin qiymətinin ucuzlaşmasından lazımi dividentlər götürə bilməməkdə də günahlandırıb. Ucuz yanacağın Rusiyadan pul köçürmələrinin azalmasını kompensasiya edə biləcəyini deyən R. Köçəryan bunun baş verməməsini ölkədə yanacağın qiymətlərinin monopoliyada olması ilə əlaqələndirib. O, həmçinin Ermənistanın idxal etdiyi təbii qazın qiymətinə yenidən baxmaq imkanlarının olduğunu qeyd edib, lakin “Qazprom”la imzalanan problemli sazişə görə bu işin çətinliyinə diqqət çəkib.

 

Ermənistan iqtisadiyyatının yaxın perspektivi ilə bağlı optimist olmadığını deyən R. Köçəryan ümidverici proqnoz verə bilməyəcəyini bildirib. O qeyd edib ki, iqtisadi siyasətdə hər şey indiki kimi qalsa, vəziyyəti nəyin hesabına dəyişəcəyi, iqtisadiyyatın artımının təkan verici qüvvəsi rolunda nəyin çıxış edəcəyi aydın deyil.

 

“Moody’s beynəlxalq agentliyi tərəfindən Ermənistanın suveren reytinqinin neqativə qədər azaltması xarici kreditləşmənin daha da bahalaşmasına gətirib çıxaracaq. Halbuki ölkənin xarici borcu onsuz da çoxdur”, - deyə o vurğulayıb.

 

Gümrü şəhərində rus hərbçinin bir ailənin 7 üzvünü qətlə yetirməsi ilə bağlı yaranmış vəziyyətə də toxunan R. Köçəryan bu cinayətin qəddarlığının bütün Ermənistanı silkələdiyini bildirib. İnsanların etirazlarının proqnozlaşdırılmayan nəticələrə gətirib çıxara biləcəyini deyən sabiq prezident Ermənistan rəsmilərinin anlaşılmayan və ziddiyyətli bəyanatlarının onsuz da gərgin vəziyyətə milli alçalma hissi qatdığını qeyd edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR