Naxçıvan, 14 iyul, Tural Kəngərli, AZƏRTAC
İyulun 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikasında Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün birinci və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda saat 11.00-da başlayıb və 3 saata yekunlaşıb. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1206 abituriyent iştirak edib. İmtahana 118 nəzarətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunub. Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan aparılan yerlərdə normal şərait yaradılıb.
Qeyd edək ki, imtahanda iştirak edən abituriyentlərin valideynləri və onların yaxınları üçün ərazidə ictimai-iaşə xidməti də təşkil olunub.