Bakı, 15 iyul, AZƏRTAC
Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkələrinin miqrasiyası müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaranmış vəziyyət nəzərə alınaraq, KTN tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətinə xüsusi tapşırıqlar verilib.
Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, dünəndən etibarən qeyd olunan ərazilərdə Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb və artıq 100 hektardan artıq ərazidə bu tədbirlər həyata keçirilib. Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Xidmətində qərargah yaradılıb, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunub.
Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya etməsi müəyyən olunub. Çəyirtkə sürüsü güclü külək nəticəsində əsasən sahil zolağı ərazilərdə müşahidə olunur. Çəyirtkələrin müşahidə olunduğu ərazilərdə kənd təsərrüfatı əkinləri olmadığı üçün ciddi zərər vurma halları gözlənilmir. Bu növün əsasən, qamışlıq-bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq, ilk növbədə, belə sahələrdə mübarizə tədbirləri aparılır.
Məsələnin aktuallığı nəzərə alınaraq, yerli icra nümayəndələrinin və bələdiyyələrin mübarizə tədbirlərinə dəstəyi çox faydalı olar. Vətəndaşlardan bağ sahələrində Asiya çəyirtkəsi müşahidə olunarsa, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli qaynar xəttinə və yaxud 562-87-44 nömrəli telefonla Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çağrı mərkəzinə məlumat vermələri xahiş edilir.