Azərbaycan səfirinin 20 Yanvar faciəsi barədə məqaləsi “Əl-Yaum Əs-Sabi” internet qəzetində verilib

18:38 23 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 23 yanvar, AzərTAc 
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı məqaləsi “Əl-Yaum Əs-Sabi” internet qəzetində verilib.
Ş.Abdullayev məqalədə 1990-cı ilin yanvar hadisələri, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol haqqında məlumat verib.
Səfir 20 Yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığını və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyini qeyd edib, 140-dan artıq insanın qətlə yetirildiyini, 700-dən çox insanın isə yaralandığını diqqətə çatdırıb.
Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini boğmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqının öz qətiyyətli yolundan dönmədiyi və müstəqilliyini bərpa etdiyi məqalədə öz əksini tapıb.
Səfir qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qarbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu vurğulayıb.
Yazıda Azərbaycan xalqının siyasi və iqtisadi çətinliklərlə, xüsusən də ölkə ərazisinin 20 faizinin işğalına gətirib çıxaran erməni təcavüzü ilə üzləşdiyi xatırlanıb. Azərbaycan rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində ölkəmizin hazırda yüksək templərlə inkişaf etdiyi və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyi oxucuların diqqətinə çatdırılıb.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefirinin_20_Yanvar_faciesi_barede_meqalesi_Al_Yaum_As_Sabi_internet_qezetinde_verilib-827106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR