Polad Bülbüloğlu ad gününü Moskvada belə qeyd etdi - fotolar

Polad Bülbüloğlu ad gününü Moskvada belə qeyd etdi -  fotolar
11:01 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Mən canımla, qanımla Vətənimə bağlıyam".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu 70 illik yubileyi münasibətilə Moskvanın P.İ.Çaykovski adına konsert salonunda keçirilən gecənin açılışında “Azərbaycan” mahnısını ifa etdikdən sonra söyləyib.

Gecədə səhnədə quraşdırılmış monitorlarda 70 illik şərəfli ömür yolunun səhifələri canlanıb. Fotoşəkillərdə yubilyarın atası, SSRİ xalq artisti, Azərbaycan milli musiqi teatrının banilərindən biri, dahi Bülbül, yubilyarın uşaqlıq illəri, hazırda düşmən tapdağında olan qədim Şuşa torpağındakı ata-baba evi əks etdirilib.

Ulu öndər Heydər Əliyevi öz müəllimi hesab edən yubilyarın Azərbaycan xalqının Ümummilli Lideri ilə fotoşəkilləri salona toplaşanlar tərəfindən xüsusi hərarətlə qarşılanıb.

Moskvanın məşhur konsert salonun səhnəsindən ötən əsrin sonlarının hitləri – Polad Bülbüloğlunun “Gəl ey səhər”, “Zəng et”, “Bənövşələr”, “Gözlərinə de ki...” mahnıları, “Məhəbbət və ölüm”, “Dədə Qorqud” baletlərindən fraqmentlər, simfonik orkest üçün “On xalq mahnısı” Rusiya Dövlət simfonik kinematoqrafiya orkestrinin ifasında səsləndirilib.

Orkestrin dirijoru, Rusiyanın xalq artisti Sergey Skripka P.Bülbüloğlunu təbrik edərək deyib:
 
“Onun atası Bülbülün ifa etdiyi xalq mahnılarının Polad tərəfindən simfonik orkestr üçün işlənməsi olduqca füsunkardır. Bu əsərləri ifa etdikcə daha çox bəyənirəm”.

Gecənin aparıcısı, Rusiyanın və Azərbaycanın əməkdar mədəniyyət xadimi, musiqişünas, akademik Janna Dozortseva yubilyarın həyatından bəhs edərək bildirib:
 
“Poladın ilk müəllimi onun atası olub. Dahi Bülbül oğluna xalqını, Vətənini, xalqının incəsənətini sevməyi öyrədib. Çünki incəsənət xalqın həyatını və tarixini əks etdirir. Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır. O, özünəməxsusluğu, nadir musiqi duyumu ilə yadda qalır”.

Gecənin səbəbkarını təbrik edənlər arasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Moskva hökumətinin departament rəhbəri Yuri Artyux və bir başqaları olub.

Polad Bülbüloğlunun yubiley təntənəsi Rusiyanın aparıcı KİV-lərinin də diqqət mərkəzində olub. Xəfir Rusiya media nümayəndələrinin suallarını cavablandırıb:

“Gözəllik, xoş münasibət, sevindirici hadisələr yaşamaq həvəsimi daha da artırır. Təəssüf ki, müasir dünyada fərəhli hadisələr az, qəddarlıq çoxdur, hər tərəfdə qan axıdılır. Bu şəraitdə məni ailəm, övladlarım, nəvələrim, dostlarım sevindirir. Onların varlığından ruhlanıram”.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR