Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mərhələli və paket variantları unudulsa da, vaxtilə çox geniş istifadə olunub. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mərhələli həll variantına razıdır. Çünki ermənilər Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll etmək niyyətində deyillər. Ona görə də Azərbaycan Dağlıq Qarabağ problemini hissələrə bölməklə həll etməyi məqbul hesab edir.
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazır deyil: "Amma hazır olmadığını deyə də bilmir. Ona görə Dağlıq Qarabağ münaqişəsinin paket variantında həllinin tərəfdarı olduğunu bildirmişdi. Bütün məsələlər birdəfəlik razılaşdırılıb, sonra həll prosesi başlamalıdır. İndi Ermənistan müxtəlif manipulyasiyalara getsə də, əslində ilkin bünövrə fikrindən o qədər də uzaqlaşmayıb. "Bir məsələ razılaşdırılmayıbsa, deməli, bütün məsələlər razılaşdırılmayıb" prinsipi burada ermənilərin xeyrinədir. Ümumilikdə, ATƏT MQ-nin konsensus prinsipi ermənilərin xilaskarına çevrilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində baş verənlərin tətbiqi yenidən hər iki tənzimlənmə variantını aktuallaşdırıb. Amma bu dəfə dövlətlərin adı ilə. Rusiya tərəfdən səslənən fikirlər mərhələli həll variantına çox yaxındır. ABŞ-ın dedikləri isə paket variantının eynisidir".
Politoloq bildirib ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının, bunun əvəzində Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasının tərəfdarıdır: "Bu isə həm də Rusiya ilə Ermənistan arasında kommunikasiyaların müstəqillik dövründə yeni mərhələyə qalxmasıdır. SSRİ dövründə Ermənistana gedən dəmiryolu Azərbaycan ərazisindən keçirdi və bu yolla Ermənistana lazım olan məhsulların 85%-i daşınırdı. Rusiya hesab edir ki, Dağlıq Qarabağın statusu xeyli sonra müzakirə edilməlidir. Bu variant Azərbaycanın maraqlarına zidd deyil. Eyni dərəcədə Rusiyanın da maraqlarına cavab verir. Rusiya ilə Ermənistan arasında etibarlı kommunikasiyanın olması Ermənistanın Rusiyaya daha sıx inteqrasiya olunması anlamındadır".
Mərkəz rəhbəri hesab edir ki, ABŞ isə Dağlıq Qarabağ tənzimlənməsində bütün məsələlərin və eyni vaxtda razılaşdırılmasının tərəfdarıdır: "Amerikalı həmsədr Ceyms Uorlik Yenilənmiş Madrid Prinsiplərini müdafiə edərkən də, sonradan bu variantı "Amerikan variantı" adında erməniləşdirərkən də məhz paket tənzimlənməsi ideyasını dəstəkləyirdi. Amerikalı həmsədr Uorlikin Rusiyanın "Vedomost"-i qəzetinə verdiyi müsahibə bunu aydın göstərir. "İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır" deyən həmsədr eyni zamanda iddia edir ki, işğal olunmuş ərazilər bütün məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu razılaşdırıldıqdan sonra Azərbaycana qaytarılmalıdır. Məhz bu yanaşma Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində əsas maneələrdən biridir. ABŞ-ın ermənipərəstliyi və Ermənistanın imitasiyaçılığı da buna söykənir".
Politoloq sonra əlavə edib ki, hər halda son vaxtlar başlanmış aktivliyi dayandırmaq asan olmayacaq: "Çünki bu aktivliyin əsas səbəbi Azərbaycan ordusudur. Azərbaycan ordusu getdikcə güclənir, inkişaf edir. Azərbaycan ordusunda baş verən bu keyfiyyət dəyişiklikləri yeni keyfiyyət yaradacaq. Yeni keyfiyyətin ən birinci əlaməti Azərbaycan ərazisində erməni işğalçı qoşunlarının olmaması olacaq. Bu işdə Azərbaycan ordusuna maneçilik edə bilən bircə qüvvə var. O da həmsədrlərin cəldliyi və operativliyidir. Həmsədrlər işğalçı qoşunları Azərbaycandan çıxarsalar, Azərbaycan ordusu üçün yaxın zamanlarda məşğul olmağa iş qalmayacaq".
Milli.Az