Bakı, 22 iyul, Nihat Budaqov, AZƏRTAC
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu (TANAP) qaz boru kəmərləri kimi layihələr təkcə Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr baxımından deyil, regional və qlobal nəticələri ilə də beynəlxalq arenada diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.