[ 24 İyul 2015 17:40 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Suriyada baş verən proseslər, İraq Şam İslam Dövlətinin fəaliyyəti Türkiyənin qonşuluğunda baş verir. Digər proseslər də əlaqəli olaraq Türkiyəyə təsir edir. Ona görə də Türkiyə hökumətinin qərar qəbul edərək İŞİD-ə qarşı addım atması normal haldır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin İŞİD-ə qarşı atdığı addımlara münasibət bildirərkən deyib.

N. Məmmədov bildirib ki, baş verənlərin Türkiyənin təhlükəsizliyinə, sabitliyinə və Türkiyənin özündə gedən proseslərə mənfi təsiri var: “Türkiyə İŞİD-ə qarşı bu addımları zamanında atır. Çünki iş o yerə gəlib çatıb ki, İŞİD terrorçuları Suriya-Türkiyə sərhədində Türkiyə Silahlı Qüvvələrinin bir zabitini də şəhid ediblər”.