Bakı, 25 iyul, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəsmi internet səhifəsi hazırlanıb və tedris.taxes.gov.az domeninində yerləşdirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
İnternet səhifəsi ana səhifə və 7 bölmədən ibarətdir. Burada Tədris Mərkəzi haqqında ümumi məlumat, struktur bölmələrinin əsasnamələri, kafedralar, şöbələr və bölmələrin fəaliyyəti barədə məlumatlar, mərkəzdə keçirilən tədbirlər barədə məlumatlar yerləşdirilib.
Bununla yanaşı, Tədris Mərkəzində təşkil olunan ilkin hazırlıq, ixtisasartırma və qısamüddətli təlimlərin cədvəli, tədris mövzu planları, təlim materialları və qiymətləndirmə sualları da saytda yer alıb.
Dinləyicilər qiymətləndirmə sualları vasitəsilə biliklərini yoxlaya, zəif bildikləri istiqamətlər üzrə təlim materiallarından istifadə etməklə biliklərini artıra bilərlər.
İnternet səhifəsinin “Faydalı” bölməsində Tədris Mərkəzinin fəaliyyətinə dair hesabatlar, faydalı linklər, nəşrlər və 500 anlayışdan ibarət vergi terminləri lüğəti də yerləşdirilib.