Bakı, 27 iyul, AZƏRTAC
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” futbol klubu ikinci yoxlama oyununda qüvvəsini sınayıb.
AZƏRTAC xəbər verir ki, “Zirə” Gürcüstanın ən köklü klublarından olan, güclülər dəstəsinin iştirakçısı “Kolxeti” ilə üz-üzə gəlib. Oyunun ilk hissəsi komandamızın üstünlüyü ilə keçib. Rəqibin qapıya doğru bir zərbə belə endirmədiyi hissədə “Zirə” üç dəfə qol vurmağa çox yaxın olub. İki epizodda isə qapı tiri Gürcüstan təmsilçisini qoldan xilas edib.
İkinci hissədə isə baş məşqçi Adil Şükürov gəncləri meydana buraxıb. Bundan sonra “Kolxeti” üstünlüyü ələ alıb və oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə”nin baş məşqçisi Adil Şükürov bildirib ki, komandamın oyunundan razı qaldım. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Biz onları fərqli mövqelərdə oynatdıq ki, gözlənilməz vəziyyətlərdə özlərini necə hiss etdiklərini görək. Futbolçuların hamısına inanırıq, tam olaraq kimlərin start heyətində meydana çıxacağını müəyyənləşdirməmişik. Yoxlama oyunları həm də bu baxımdan vacibdir. Ümumi yüklənmə dövründə belə oynamaları normal idi. İkinci hissədə əsasən gənclərə şans verdik, onları da yoxladıq. Xətlər arasında əlaqəni nəzərdən keçirdik. Yeni komandayıq, nəticədən asılı olmayaraq hansı addımları atacağımızı öyrəndik. Əsas səhvlərin görünməsidir. Biz səhvlərimizi gördük və qarşıda bunları aradan qaldırmağa çalışacağıq.


