Bakı, 29 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Beynəlxalq Gənclər Təşkilatının (AIESEC) layihəsi olan “FireFlies” turizm layihəsi həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin birinci mərhələsi çərçivəsində Azərbaycana 13 ölkədən 19 xarici tələbə dəvət edilib. Layihə çərçivəsində Türkiyə, Polşa, İsveçrə, İspaniya, İtaliya, Yunanıstan, Tayland, Ukrayna, Qazaxıstan, İndoneziya, Çin, Moldova, Macarıstan və Misirdən ölkəmizə gəlmiş könüllülər Azərbaycanın dilbər guşələri, tarixi mədəniyyət abidələri, adət-ənənəsi və zəngin mətbəxi ilə yaxından tanış olaraq öz fikir və təəssüratlarını layihə üçün nəzərdə tutulmuş bloqda yerləşdirəcəklər.
“Park Bulvar” AVM-də keçirilən “Mədəni axşam” adlı tədbirdə “Fireflies” turizm layihəsinin birinci mərhələsinin bağlanış mərasimində layihə iştirakçıları sertifikatlarla təltif olunublar.
Layihənin ikinci mərhələsi avqust ayında həyata keçiriləcək. Ölkəmizə qonaq gələn xarici tələbələrin Azərbaycan ailələrində yaşayışla təmin olunması nəzərdə tutulub. Bu tipli tədbirlər gənclər arasında mədəni körpülərin qurulmasına, ölkəmizin dünyada tanıdılmasına və turizm potensialının nümayişinə öz töhfəsini verəcək.