Bakı, 1 avqust, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan vətəndaşlarının Türkiyə ərazisində naməlum silahlı şəxslər tərəfindən girov götürülməsi və sonradan azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərə aydınlıq gətirib.
H.Hacıyev AZƏRTAC-a bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu Türkiyə hüquq mühafizə orqanları ilə birlikdə bu xəbəri aydınlaşdırıb. Əldə edilən məlumata görə, hadisə İğdır və Qars arasındakı Kağızman rayonu ərazisində baş verib.
Azərbaycan vətəndaşları da daxil olmaqla avtobusdakı sərnişinlərdən ölən və ya xəsarət alan olmayıb. Hazırda həmin avtobusda nə qədər Azərbaycan vətəndaşının olması məsələsi araşdırılır. Azərbaycanın diplomatik missiyası bu məsələ ilə əlaqədar Türkiyənin hüquq mühafizə orqanları ilə əlaqə saxlamaqda davam edir.
Hadisə iştirakçıları olan şəxslər konsulluq məsələlərinin həlli üçün 009005380383870 və 00904742231361 “qaynar xətt” nömrələrinə zəng edə bilərlər.