İstanbul, 3 avqust, AZƏRTAC
Terrorçu Kürd Fəhlə Partiyası (PKK) tərəfindən Kərkük-Yumurtalıq neft boru xəttinin partladılması 8 gündə İraq kürd muxtar regionuna 250 milyon dollar məbləğində zərər vurub.
Anadolu Agentliyinin məlumatına görə, İraq Kürd Regional Rəhbərliyindən bildiriblər ki, PKK-nın bölgədəki terrorçu fəaliyyəti İraqın şimal bölgəsindəki kürdlərinin həyat tərzinə birbaşa mənfi təsir göstərir. Partladılan boru xətti İraq kürd muxtar regionu üçün həyati əhəmiyyət daşıyır. PKK tərəfindən iyulun 27-də Kərkük-Yumurtalıq neft boru xəttinin partladılması bu kəmərin fəaliyyətinin dayanmasına səbəb olub. Bu boru xətti ixracatçı tərəfə gün ərzində orta hesabla 30 milyon dollar zərər vurur. Bildirilir ki, bu xəttin işləməməsindən yaranan zərərin 99 faizi İraq kürd muxtar regionuna dəyir.
Xatırladaq ki, PKK-nın iyulun 7-də başlatdığı növbəti terror aktlarına etiraz edən İraq kürd muxtar regionunun başçısı Məsud Bərzani terrorçu təşkilatdan İraqın şimal ərazisini tərk etməyi tələb edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul