Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da “Regional Gender Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Erkən nikah və məişət zorakılığı” mövzusunda ictimai müzakirə keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Şərqiyyə Dadaşova erkən nikah, məişət zorakılığı və onun təsnifatı, o cümlədən beynəlxalq qanunvericiliklə bağlı məlumat verib. Ş.Dadaşova Azərbaycanda bu mövzuda aparılan islahatlardan, erkən nikahdan, regionlarda son dövrlər qızların erkən nikaha cəlb edilməsindən, onun fəsadlarından danışıb.
Bildirilib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki və psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Daha sonra tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb. Tədbirdə erkən nikahların qarşısını almaq məqsədilə təkliflər səsləndirilib.