Daşkəsəndə BMT Modeli Yay Məktəbi keçirilir

Daşkəsəndə BMT Modeli Yay Məktəbi keçirilir
13:13 10 Avqust 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-dan 14-dək Daşkəsən rayonunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində BMT Modeli Yay Məktəbi keçirilir. Azərbaycanın müxtəlif ali məktəblərindən 80 nəfər iştirakçının qoşulduğu Yay Məktəbinin əsas məqsədi gənclərin beynəlxalq münasibətlər və diplomatiyaya marağının dəstəklənməsi, gənc diplomatların təcrübə qazanması və BMT strukturlarının işi ilə daha yaxından tanış olmaqdır.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “Beynəlxalq hava məkanında təhlükəsizliyin təmin edilməsi” və “Qadınların top menecment vəzifələrdə təmsilçiliyi” mövzuları ətrafında aparılacaq müzakirələr BMT Baş Assambleyası formatında keçiriləcək. Həmçinin BMT Modeli Yay Məktəbinin proqramında araşdırma, danışıq və təqdimat bacarıqlarının inkişafına hədəflənən təlimlər də nəzərdə tutulub.
Yay Məktəbi BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün əsasların yaradılması” adlı birgə layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində Azərbaycanda Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) şəbəkəsinin yaradılması və Milli BMT Modeli (National MUN) konfransının da keçirilməsi planlaşdırılır. Xatırladaq ki, BMT Modeli Yay Məktəbi Milli BMT Modeli konfransına hazırlıq xarakteri daşıyır.
Yay Məktəbinin qeyd olunan tarixlərdə keçirilməsi təsadüf deyil. Belə ki, layihə tərəfdaşları bir araya gələrək 12 avqust tarixində Beynəlxalq Gənclər Gününü bu tədbir çərçivəsində birgə qeyd edəcəklər. Builki Beynəlxalq Gənclər Gününün əsas mövzusu könüllülük və gələcək Dayanıqlı İnkişaf Gündəliyində (Post-2015) gənclərin rolunun artırılmasını təşviq etməkdir.
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. İştirakçılar təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və kompromisə getmə yollarının öyrədilməsidir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskesende_BMT_Modeli_Yay_Mektebi_kechirilir-876441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR