Bakı, 11 avqust, AZƏRTAC
Mərkəzi Bankın Pul Siyasəti İcmalının bu ilin 6 ayının yekunlarına həsr olunan növbəti nömrəsi yayımlanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, icmalda qlobal iqtisadi meyillərin və Azərbaycanda makroiqtisadi proseslərin təhlili, habelə pul və məzənnə siyasətinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, mürəkkəb qlobal iqtisadi mühit şəraitində Mərkəzi Bank özünün pul və məzənnə siyasətini makroiqtisadi və maliyyə sabitliyinin qorunması, qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirib. Hesabat dövründə pul siyasəti üzrə başlıca hədəflərə çatma vəziyyəti qənaətbəxş olub, inflyasiya aşağı birrəqəmli səviyyədə qorunub. Məzənnə siyasəti üzrə tədiyyə balansında yaranmış yeni meyilləri nəzərə alan və iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsinə xidmət edən qərarlar qəbul olunub. Hesabat dövründə də ölkənin, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.
İcmal ilə aşağıdakı linkdə tanış olmaq olar: http://www.cbar.az/assets/3831/PSI_2015-2R-07.pdf