Yaponiyanın “Hiragana Times” jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc olunub

Yaponiyanın “Hiragana Times” jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc olunub
18:18 26 Yanvar 2015
292 Ölkə
Ölkə mətbuatı
A- A+


Tokio, 26 yanvar, AzərTAc
Yapon dilini öyrənənlər arasında populyarlığı ilə seçilən “Hiragana Times” jurnalında Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin müsahibəsi dərc olunub.
Yapon və ingilis dillərində dərc edilmiş müsahibənin əvvəlində qeyd olunur ki, jurnalın yaradıcı heyətinin azərbaycanlı diplomatla söhbətinin əsasında bir tərəfdən sürətli inkişafı ilə regionun lider dövlətinə çevrilmiş Azərbaycana artan maraq, digər tərəfdən səfirin yapon dilini çox səlis bilməsi dayanır.
Səfir müsahibəsində Azərbaycanın coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və qədim mədəniyyəti haqqında məlumat verir. Azərbaycanın zəngin mətbəxindən danışan diplomat yaponlarda olduğu kimi, Azərbaycanda da yeməklərin hazırlanması zamanı təbii inqridiyentlərə üstünlük verildiyini vurğulayır. Qeyd edir ki, Yaponiyada yaşadığı dövrdə ölkələrimiz arasında mədəni oxşarlığın nə qədər yaxın olmasının canlı şahidi olub. Yaponların həmişə birlikdə çalışmasını nümunə çəkən diplomat azərbaycanlıların da çətin məqamda, dar gündə həmişə bir-birinə dayaq olduğunu vurğulayır.
Səfir qeyd edir ki, Azərbaycan və yapon xalqlarını ən çox bir-birinə yaxınlaşdıran cəhətlər arasında hər iki xalqın qonaqpərvərliyi və mehribanlığı xüsusi yer tutur. Azərbaycanlı diplomat yaponları ölkəmizə dəvət edərək zəngin milli mətbəx nümunələrini dadmağı, hər bir rayonun özünəməxsus yemək növləri ilə tanış olmağı tövsiyə edir.
Azərbaycanın həm də “Odlar Yurdu” kimi tanınmasında zəngin neft və qaz yataqlarının mühüm rolu müsahibədə xüsusi qeyd olunur. Bildirilir ki, atəşpərəstliyin burada geniş yayılmasına səbəb məhz “Yanardağ” kimi təbii alov mənbələrinin mövcudluğu olub.
Müsahibədə Şərqdə ilk müsəlman demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, burada qadınlara bir çox Avropa ölkələrindən qabaq səsvermə hüququnun verilməsi barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, həm qədim, həm də müasir tikililəri ilə diqqəti cəlb edən Bakı bu gün öz gözəlliyi ilə Avropanın ən müasir şəhərlərini geridə qoyur.
Azərbaycanda Yaponiyaya həmişə böyük marağın qeyd olunduğu müsahibədə xalqımızın yapon ədəbiyyatına, kino sənətinə xüsusi diqqət göstərdiyi, yapon idman növlərinin burada gənclər tərəfindən böyük həvəslə öyrənildiyi də vurğulanır. Müasir Bakının fotolarının da yer aldığı müsahibədə 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi oxucuların diqqətinə çatdırılır.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR