Deputatımız İstanbulda erməniləri belə ifşa etdi

Deputatımız İstanbulda erməniləri belə ifşa etdi
20:16 26 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlamet İttifaqı (Pİ) çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin IV Forumu keçirilib. Forumda İƏT Pİ-da təmsil olan 57 ölkənin əksəriyyətindən qadın parlament üzvləri iştirak edib.

ANS PRESS-in məlumatına görə, tədbirdə ölkəmizi Milli Məclisin deputatı, İƏT Pİ-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva təmsil edib.

Forumu giriş sözü ilə açan İƏT Pİ baş katibi Mahmud Erol Kılıc müsəlman aləmində baş verən proseslər və bu proseslərdə qadınların rolu, qadınların hüquqlarının qorunması, ailə və uşaq, qadına qarşı zorakılıqla mübarizə və sairə müasir dünya üçün böyük aktuallıq kəsb edən məsələlərdən danışıb.

Gövhər Baxşəliyeva Azərbaycanda dövlət səviyyəsində ailə, qadın və uşaq siyasətindən, qadın hüquqlarından, ölkəmizdə qadınların inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən söz açıb. Bununla belə, G.Baxşəliyeva Azərbaycan qadınlarının böyük bir qisminin 20 ildən çoxdur erməni işğalından əziyyət çəkdiyini, ata-baba torpaqlarını tərk etdiyini, qaçqın-köçkün vəziyyətində yaşadığını, müharibənin gətirdiyi bütün fəlakətləri üzərində yaşadığını forum iştirakçılarının nəzərinə çatdırıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə xalqımızın başına gətirdiyi bəlalardan danışıb. O, indiyədək BMT-nin məlum 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarların icra olunmadığını təəssüflə qeyd edib.

O deyib: “Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçib və sülh istəmir. İşğal edilmiş torpaqlardan çıxmaq istəmir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Nə üçün başqa yerlərdə qəbul edimiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, ikili standartlardır. İndi Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə doldurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər.

Son illərdə müxtəlif bölgələrdə-Avropada, Yaxın və Orta Şərqdə gördüyümüz mənzərə bu yanaşmanı daha da gücləndirir.Həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan bir ölkədir. Əlbəttə, əgər onun böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapardı. Xarici dəstək olmadan Ermənistan işğal edilmiş əraziləri bir gün də işğal altında saxlaya bilməzdi.”

Azərbaycanın demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına çox böyük və dəyərli töhfələr verməsini diqqətə çatdıran G.Baxşəliyeva, xüsusilə ölkəmizin multikulturalizmlə bağlı təcrübəsini vurğulayıb.

Beynəlxalq münasibətlərdə ikili standarların mövcudluğunu qeyd edən deputat bunun heç kimə xeyir gətirmədiyini deyib: “Ölkələrin daxili işlərinə qarışma onları qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr, demək olar ki, biri biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verir.”

Forumun yekunu olaraq qətnamə qəbul edilib. Sənəddə aşağıdakı məsələlər yer alıb:

- Qadınların müharibə və qarşıdurmaların faciəvi nəticələrindən ən çox zərər çəkənlər olmasını nəzərə alaraq, lokal və regional xarakterli münaqişə və qarşıdurmaların həllində qadınların iştirakına və bacarıqlarından istifadəyə çağırış;

- İşğal və qarşıdurma bölgələrində, xüsusilə də Fələstin, Suriya, İraq, Nigeriya, Kamerun, Mərkəzi Afrika və İslam dünyasının başqa münaqişə bölgələrində müsəlman qadınların və uşaqların himayəsi, onların yaşadıqları cəmiyyətlərdə çəkdikləri əzab-əziyyətləri yüngülləşdirmək üçün onlara maddi və mənəvi kömək göstərilməsi və onları qaçqın düşərgələrində ziyarət etmə;

- Qadın və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və qadın və uşaqların onların şərəfini alçaldacaq cinsi və digər növ istismar olunmaması və xüsusilə İsrail işğalçılarının, İŞİD və Boko Haram kimi terror təşkilatlarının onlara yönəlmiş təcavüzkarlıqlarının pislənilməsi;

- Qadının rolunu gücləndirən milli qanunvericiliklərin uğurlu təcrübə mübadiləsi və yaxınlaşmanı nəzərdə tutan qanuni strukturların, qadınla əlaqəli olan şəxsi səylərin birləşdirilməsinə çalışma;

- Keçən forumda Qadın müsəlman parlamentarilərinin tərtib etdiyi Müsəlman Qadını Aktının tətbiqinə həvəsləndirmə;

- Qadın Mərkəzlərinin açılmasında müsəlman qadın parlamentarilərinin əməkdaşlığına və əlaqəsinə çalışma;

- Təcrübə mübadiləsi mədsədilə müsəlman qadın parlamentariləri və regional birliklər arasında əməkdaşlığa təşviq;

- Səmavi dinləri və Məhəmməd peyğəmbəri təhqir etməyi pisləyən qanunların qəbulu.

Forumun sonunda baş katibliyin müdiri Sadiq Yusif Əbu Aqilə TBMM-in sədri Cəmil Çiçəyə qonaqpərvərliyinə və gözəl təşkilatçılığa görə təşəkkürünü bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR