Qəbələ, 14 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Avqustun 14-də Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda kişilər arasında səngər stend atıcılığı üzrə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsində 8 idmançı iştirak edib. Yaponiya idmançısı Yukie Nakayama birinci, Tayvan idmançısı Cun Li Yin ikinci, ABŞ idmançısı Korey Koqdel üçüncü yeri tutub.
Qeyd edək ki, avqustun 14-də kişi və qadınlar arasında tapança və tüfəngdən 10 və 50 metr məsafələrə atəşaçma yarışlarında Zicheng Hui (Çin), Aleksandr Şimrl (Avstriya), Zorana Arunoviç (Serbiya), Yuemei Lin (Çin) Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Hazırda Çin idmançıları 12 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 6-sı qızıl, 4-ü gümüş və 2-si bürünc medaldır.
Yeddi gündür davam edən atıcılıq yarışlarında indiyədək 30 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.




