Sədərək, 19 avqust, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgəsi olan Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib. İşaxtaranlara 69 vakant iş yeri təklif olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov açaraq aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində muxtar respublikada çoxsaylı yeni iş yerlərinin yaradıldığını bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncam ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir. Yarmarkanın təşkilində əsas məqsəd işaxtaranların öz ixtisaslarına uyğun işlə təmin olunmasıdır.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Muxtar respublikada da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün müvafiq tədbirlər görülür. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir.
İşaxtaran vətəndaş Oruc Abdullayev yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildirib ki, insanların müvafiq işlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür. Hər bir işaxtaran burada öz ixtisasına və bacarığına uyğun iş tapa bilər. Təqdirəlayiq haldır ki, iş yerləri haqqında müfəssəl məlumatları aidiyyəti qurumların burada təmsil olunan nümayəndələrindən almaq mümkündür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış vakant iş yerləri ilə tanış olublar.