Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətində parlaq bir hadisə kimi böyük maraq kəsb edir.
Arif Məlikov müasir musiqi mədəniyyətində ən parlaq şəxsiyyətlərdən biridir. Onun dərin və özünə xas musiqisi haqlı olaraq geniş rəğbət qazanıb.
Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti 1961-ci ildən bu günədək qədər dünyanın demək olar ki, bütün tanınmış teatr səhnələrində tamaşaya qoyulub. Bircə elə bu fakt Arif Məlikovun dünya səviyyəsində dəyərli və təkrarolunmaz bir şəxsiyyəət olduğunu sübut edir.
Sentyabrın 13-də bizim üçün çox əziz olan bu sənətkarın 82 yaşı tamam olur. Öz məhsuldar həyat yaradıcılığında o, Azərbaycan tarix və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm müəllim, həm də siyasi xadim kimi ölkəsinə və xalqına xidmət göstərib.
Müxtəlif janrlara məxsus əsərlərin müəllifi olan bəstəkar özünü bu janrların hər birində tam sərbəst hiss edir. Balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar – bir sözlə, bütün bu janrlarda Arif Məlikov olduqca orijinal və özünəməxsus şəkildə çıxış edir və öz fərdi yaradıcı “mən”ini parlaq surətdə nümayiş etdirir. Ən əsası isə – həm iri, həm də kiçik formalı bütün bu əsərlərdə dərin milli başlanğıc duyulur, yəni, şifahi ənənəli Azərbaycan musiqisinin klassik qanunauyğunluqları ilə müasir bəstəkar yazı tərzinin üzvi əlaqəsi hiss olunur.
Arif Məlikov keçmiş dövrlərin musiqi mədəniyyətinin klassik ənənələrini, eyni zamanda bütün müasir musiqi cərəyan və istiqamətlərini əsaslı şəkildə mənimsəyib və bütün bunların hamısı onun individual yaradıcılıq üslubuna emal edilib.
Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətindən danışarkən qeyd olunmalıdır ki, o, pedaqoji fəaliyyətlə də məşğuldur, eyni zamanda Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasına rəhbərlik edir.
Arif Məlikov Vətənini sevir və əsl patriotdur. O, ötən əsrin 90-cı illərində baş verən qanlı Qarabağ hadisələrini dərindən duyub. Öz vətəndaşlıq hiss və həyəcanlarını, doğma yurduna olan vətənpərvər münasibətini A.Məlikov “Mən ittiham edirəm...” adlı fundamental kitabında parlaq surətdə ifadə edib. Kitab Bakıda “Gənclik” nəşriyyatında, 1994-cü ildə nəşr olunub. Bu kitabın əsasını ölkənin siyasi və hərbi orqanlarının yalanlarını və saxtakarlıqlarını ifşa edən nadir sənədlər, eləcə də bir çox insanların şəxsi müşahidələri və dəlilləri təşkil edir. Arif Məlikovun “İttiham edirəm...” kitabı müəllif tərəfindən 1990-cı il 19-20 yanvar hadisələrinin qızğın bir dövründə toplanılmış materiallara əsaslanan sənədli oçerkdir.
Arif Məlikov bu gün də yaradıcılıq axtarışlarındadır. O, ölkənin ictimai həyatında fəallıq göstərir. Radio və televiziyada çıxış edir, gənc müəlliflərin yaradıcı təşəbbüslərini dəstəkləyir, onlara əl tutur. Hazırki dövrdə o, Doqquzuncu simfoniya və “Göyçək Yusif” baleti üzərində işləyir.
Bəstəkar artıq Azərbaycan musiqi mədəniyyətinin həm tarixi, həm də canlı müasiridir. Arif Məlikov daima öz üzərində çalışır və yaradıcılıqda “özünü” tapır.
O, nəinki dahi bəstəkar, istedadlı rəssam, dirijor, eyni zamanda çoxlu sayda tələbə yetişdirən və yetişdirməkdə davam edən pedaqoqdur. Onun tələbələrinin əksəriyyəti müəllimdən mənimsədikləri ənənələri ləyaqətlə davam etdirirlər.
Əziz bəstəkar, Sizi təbrik edir, cansağlığı və yaradıcılıq üğürları arzulayırıq. Hər zaman yanımızda olun, bizlərə yol göstərin.
Aytən İBRAHİMOVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru