ODA Teatrının bədii rəhbəri Elmin Bədəlovun Bakıda dəvət aldığı toyda döyülməsi ilə məsələ bitmək bilmir. Davanın baş verdiyi toyun bəyi rejissor Orxan Bahadırsoy bir neçə gün əvvəl Milli.Az saytında toyda baş verən davanın təfərrüatları ilə bağlı yayımlanan yazıya cavab verib:

"Avqustun 7-də toyum oldu. Toyda ard-arda yaşanan bir neçə xoşagəlməz hadisə, görünür, məni sevməyənlərin ürəyincə olub. Oda Teatrının rəhbəri Elmin Bədəlov başda olmaqla o teatrın digər əməkdaşları da şəxsən mənim dəvətimlə toya təşrif buyurublar və onların hər biri mənim üçün indiyə qədər istedadlı sənət yoldaşı və əziz dostdur. Toyda mənim qohumlarımla onların arasında mübahisə yarandı. Bu mübahisə zamanı mən öz sənət yoldaşlarımın tərəfini tutdum. Çünki onlar şəxsən mənim qonaqlarım idi və xüsusən də sənət yoldaşlarım olduğu üçün mənə çox əzizdirlər. Günah kimdə oldu, kim müqəssir oldu onu mən deyə bilmərəm. Ancaq Oda Teatrının kollektivini günahkar hesab etmirəm. Hətta toyun səhəri günü teatra gedib kollektivdən üzürxahlıq etmişəm. Media vasitəsi ilə bu yaşananlara görə təkrar üzr istəyirəm".

"Sizə yazılan məktubda qeyd edilənlərin əksəriyyəti şəxsi məsələlərdir. Yəni bunları açıb tökməyin, şişirtməyin mənası yoxdur. Mənim toyum qan çanağı idi. Bu şəkildə keçməsinə belə mən çox sevinirəm və yaxşı ki, bundan daha böyük problemlər yaşanmadı. Amma belə hallardan istifadə edib məni əxlaqsızlığı təbliğ edən, hörmətsizlik edən, rüsvayçılıq yaradan biri kimi təqdim etmək, bu məzmunda məktub yazmaq ən böyük tərbiyəsizlik, ədəbsizlik və vicdansızlıqdır. Mənim yazdığım əsərlər, oynadığım rollar, qurduğum tamaşalar kiminsə xoşuna gəlmirsə, öz tənqidini, sərt münasibətini sırf yaradıcılığıma ünvanlamalıdır. Mənim şəxsi həyatımdan, şəxsi problemlərimdən istifadə edib belə çirkin, murdar addım atmaq ləyaqətsizliyin göstəricisidir.

Onu da qeyd edim ki, Oda Teatrı ilə münasibətimiz çox yaxşıdır, hətta birlikdə tamaşa hazırlayırıq. "Avatar" adlı pyesim bu yaxınlarda həmin teatrda oynanılacaq. Tamaşanın rejissoru da mən özüməm. Elmin Bədəlov, Nihad Qulamzadə və Anar Əliyev də həmin tamaşada oynayırlar. Yaxınlarda fikrimiz var ki, "Sirli Dahi" adlı monopyesimi də səhnələşdirək. Yəni bizim münasibətimizdə heç bir soyuqluq yoxdur. Büsat günümə belə dava-dalaş salan adamlar və bu xoşgəlməz vəziyyətdən istifadə edib məni hədələyən, alçaltmaq istəyənlər isə sırf yazdıqlarıma görə mənə nifrət və aqressiya bəsləyənlərdir. Lakin belə çirkin davranışlar mənim yaradıcılığıma heç bir təsir göstərməyəcək. İstədiyim mövzunu istədiyim janrda qələmə alıram, istədiyim formada da quruluş verirəm. Onlar öz şərəfsizliklərini etməkdə olsunlar. Atalar yaxşı deyib, milçək bir şey deyil, bircə ürək bulandırar", - deyə Orxan Bahadırsoy vurğulayıb.

Gülər
Milli.Az