Bakı, 28 avqust, AZƏRTAC
İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzun yol” adlı detektiv romanının təqdimatı olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yerli ictimai xadimlər, incəsənət adamları, jurnalistlər, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Müəllif əsərdə ötən əsrin 60-cı illərində yaşayan azərbaycanlı gənc qadının həyatından bəhs edib. İstəmədən sovet xüsusi xidmət orqanlarının agentinə çevrilən gənc xanım SSRİ-nin Qahirədəki səfirliyində diplomatik xidmətə yollanır. Burada ona Asuan bəndinin inşasında çalışmaq tapşırığı verilir və o, yeni adla fəaliyyətə başlayır. Elə bununla da onun təhlükələrlə, xəyanət və yalanlarla dolu çətin həyat yolu başlayır. Məhz burada o, isveçli aristokrata olan böyük sevgini yaşamalı olur.
Əzimə Ağalarovanın sözlərinə görə, romanın əsas qayəsi odur ki, sevgi sərhəd və maneə tanımır. Romanın qəhrəmanları – gənc azərbaycanlı və İsveç hersoqu sovet təhlükəsizlik xidmətinin bütün maneə və təhdidlərinə baxmayaraq sevgilərini qoruyub saxlayırlar.
Qonaqların suallarını cavablandırarkən Əzimə Ağalarova qeyd edib ki, o, romanda məhəbbət dramı ilə yanaşı, ötən əsrin siyasi və mədəni mühitini də canlandırmağa çalışıb.
Roman İsveçdə ingilis dilində çapdan çıxıb. Kitab artıq Avropanın mağazalarında satışdadır.
Əzimə Ağalarova Almaniyada yaşayır. “Bakıdan Qahirəyə və Stokholma uzun yol” əsəri onun ikinci romanıdır.
Stokholmda azərbaycanlı yazıçının detektiv romanının təqdimatı keçirilib
Stokholmda azərbaycanlı yazıçının detektiv romanının təqdimatı keçirilib