Bərdə, 3 sentyabr, AZƏRTAC
Bərdə rayon mədəniyyət evində bu il respublikanın ali məktəblərinə daxil olan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıblar.
Məlumat verilib ki, 2014-2015-ci tədris ilinin məzunlarından 663 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 383 nəfəri ali məktəblərə qəbul olub. Onların 80 nəfəri 500 baldan çox, 32 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey göstərib. Bu təhsil ocağının ali məktəbə qəbul üçün sənəd verən 83 məzununun 73-ü tələbə adını qazanıb. Onlardan 14 nəfəri 600-dən, 6 nəfəri 500-dən çox bal toplayıb. Məktəb-liseyin məzunu Arzu Həsənli imtahanlarda 700 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə əldə edib.
Qəbul imtahanlarında iştirak edən 132 məzun isə orta ixtisas məktəblərinə qəbul olub.
Tədbirdə çıxış edən gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda yüksək bal toplayan gənclərə hədiyyələr verilib.
