Babək, 4 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında, eləcə də Babək rayonunda müəllim hazırlığında əsaslı keyfiyyət dəyişikliyi həyata keçirilib. Yeni proqramların (kurikulumların) tələb etdiyi şəkildə şagirdlərin intellektual fəallığına əsaslanan müasir dərsləri təşkil edəcək müəllimlərin hazırlanması məqsədilə pedaqoji kadrlara bir neçə mərhələdə treninqlər keçirilib. Aparılan monitorinqlərin təhlili göstərib ki, ənənəvi təlim metodlarına yiyələnmiş müəllimlər yeni proqramları şagirdlərə mənimsətməkdə çətinlik çəkmirlər. Bu isə, ilk növbədə, təlimin keyfiyyətinə əsaslı təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Babək rayonunda ümumtəhsil məktəblərinin VIII siniflərində yeni fənn kurikulumlarının tətbiqinə həsr olunan seminar-treninqdə səsləndirilib.
2015-2016-cı dərs ilinə hazırlıqla əlaqədar keçirilən seminar-treninqi rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov açaraq yeni tədris ilində həyata keçiriləcək tədbirlər, məktəb direktorları qarşısında duran vəzifələr, yeni fənn kurikulumlarının tətbiqinin səmərəli nəticələnməsi üçün görüləcək işlər haqda danışıb.
Sonra rayonun ümumtəhsil məktəblərində kurikulumla əlaqədar görülən işlər, qarşıda duran vəzifələrlə bağlı rayon Təhsil Şöbəsinin metodkabinə müdiri Nicat Fətullayev məruzə edib. Məruzəçi bildirib ki, bu tədris ilindən VIII siniflərdə kurikulum proqramı tətbiq olunacaq. Bu məqsədlə Təhsil Şöbəsi tərəfindən VIII siniflərdə dərs aparacaq müəllimlər üçün treninqlər təşkil edilir.
Qeyd olunub ki, artıq bir neçə ildir təhsil sisteminin müxtəlif istiqamətləri üzrə ciddi islahatlar həyata keçirilir. Təhsilin strukturu, məzmunu, kadr təminatı, informasiya, tədris və elmi-metodik təminatı, idarə olunması, maddi-texniki bazası sahəsində aparılan köklü dəyişikliklər öz bəhrəsini verməkdədir. Bu istiqamətlər təhsilin ayrı-ayrı sahələri hesab edilsə də, əslində, onlar bir-biri ilə üzvi şəkildə bağlı, sıx əlaqəlidir. Təhsilin məzmununun daşıyıcısı olan, cəmiyyətin ehtiyac və maraqlarından çıxış edən, eləcə də milli və bəşəri dəyərlər, tələbyönümlülük, şəxsiyyətyönümlülük, nəticəyönümlülük, inkişafyönümlülük və inteqrativlik prinsiplərinə əsaslanan fənn kurikulumları ən yüksək səviyyədə hazırlansa belə, onun reallaşdırılması üçün uyğun maddi-texniki baza, kifayət qədər hazırlıqlı pedaqoji kadr potensialı və ya müvafiq tələblərə cavab verən resurslar lazımdır. Yəni informasiya mənbələri, tədris və elmi-metodik vəsaitlər, eləcə də tədqiqatlara əsaslanan idarəetmə mövcud olmadan, kurikulumun uğurlu tətbiqi mümkün deyil. Bu səbəbdən son illərdə muxtar respublikada, eləcə də Babək rayonunda təhsil sahəsində islahatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün kompleks işlər aparılır.
Babək Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində kurikulum proqramı ilə tədrisə diqqətlə yanaşır, yeni təlim metodlarının istifadəsinə və onların tətbiqinin reallaşdırılmasına kömək edir, mütəmadi olaraq məktəblərdə olur, müəllimlərin yeni tədris sistemı ilə dərsaparma bacarığını nəzarətdə saxlayırlar. Ötən il Yarımca, Hacıvar, Qahab, Məzrə kənd tam orta məktəblərində VII siniflərdə Azərbaycan dili fənninin tədrisinin keyfiyyətini yoxlamaq məqsədilə Təhsil Şöbəsinin metodistləri dərslərdə iştirak edib və tədris prosesinin təşkilinə lazımi dəstəyi göstəriblər. Digər fənlərin də müasir metodlarla tədrisi ilboyu yoxlanılıb, dərslərin keyfiyyətinin yüksək səviyyəyə çatdırılmasına nail olunub.
Seminar-treninqdə rayon Təhsil Şöbəsinin əməkdaşlarından Həsən Zeynalovun, Məmməd Bayramovun çıxışları dinlənilib.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.