Tərtər, 4 sentyabr, AZƏRTAC
Bu il Tərtər rayonunun orta ümumtəhsil məktəblərini bitirən 692 nəfər məzundan 331 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 168 nəfər ali, 60 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplayıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Tərtər şəhərindəki Gənclər Mərkəzində ali və orta ixtisas məktəblərinə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirdə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan bəhs olunub. Çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara faydalı tövsiyələr veriblər.
Məzunlar və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, öz sevinclərini bölüşüblər.
Görüşün sonunda qəbul imtahanlarda yüksək bal toplayan tələbələrə fəxri fərman və hədiyyələr verilib.

