Cakarta, 28 yanvar, AzərTAc
İndoneziyanın hökumət orqanları “AirAsia” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların axtarışını dayandırmayacaq. Bu barədə İndoneziya Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelisti məlumat verib.
B.Soelisti bir gün əvvəl İndoneziyanın qərb donanmasının komandanı kontr-admiral Vidodonun bəyanatını təsdiq edərək bildirib ki, bu, heç də əməliyyatın tamamilə dayandırılması demək deyil: “Həqiqətən də hərbi-dəniz qüvvələri xilasetmə əməliyyatlarında iştirakını dayandırır və bu, əvvəlcədən razılaşdırılıb”.
Bununla bərabər, əsas prioritet vəzifə qəza nəticəsində həlak olanların cəsədlərinin axtarışıdır. Son məlumatlara görə, qəzaya uğramış təyyarədə olan 162 nəfərdən 90-nın cəsədi artıq tapılıb.
Xatırladaq ki, dekabrın 28-də Surabayadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra Kalimantan adaları rayonunda radarların ekranlarından itib. Xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta