APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiya Məclisinin növbədənkənar iclasında çıxışı zamanı deyib.
İ. Qəmbər çıxışında bildirib ki, bu ilin ən önəmli hadisələrindən biri Müsavat Partiyasının VIII qurultayıdır. O, qurultayla bağlı iradları böhtan adlandırıb: “Bu qurultay demokratiya baxımından tarixi əhəmiyyət daşıyır. Bunun qarşısını nə hakimiyyət, nə həmkarlarımız, nə də bəzi partiyadaşlarımızın yersiz yanaşmaları ala bilər. Qurultayla bağlı iradlar səslənir və bəzən bu, böhtan və ağ yalan olur. Azərbaycanda faktiki olaraq Müsavatdan başqa gizli səsvermə ilə seçki keçirən partiya yoxdur. Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Qurultaya, seçkilərə iradları olan şəxslər bunları gələcək kontekstində dəyərləndirilməlidir. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq”.