7 yaşlı “Muxtar”, cinayətkarların qənimi “Layma” - KİNOLOJİ MƏRKƏZDƏN REPORTAJ

7 yaşlı “Muxtar”, cinayətkarların qənimi “Layma” - KİNOLOJİ MƏRKƏZDƏN REPORTAJ
19:04 7 Sentyabr 2015
110 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda MDB ölkələri gömrük xidmətlərinin kinoloji strukturlarının xidməti itlərlə çoxnövçülükdə birincilik üzrə V yarışına start verilib.

 

Yarışın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Kinoloji Xidmət haqqında məlumat verib: "Artıq Azərbaycanda güclü Kinoloji Mərkəz yaradılıb. Buradakı itlərin köməyi ilə Azərbaycanda bir sıra irimiqyaslı əməliyyatlar keçirilib. Külli miqdarda narkotik vasitələr, partlayıcı maddələr aşkar olunub. Əməkdaşlığımızın böyük bir sahəsi ondan ibarətdir ki, biz dost ölkələrə itlər bağışlamışıq".

 

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin kinoloji xidməti beynəlxalq təcrübə öyrənilməklə, hələ 1990-cı illərdə formalaşdırılıb, 2003-cü ildə isə müasir standartlar əsasında Kinoloji Mərkəz yaradılıb. Regionda analoqu olmayan bu Mərkəzdə narkotik vasitələrin, psixotrop və partlayıcı maddələrin, silah-sursatın axtarışı, eyni zamanda mühafizə işləri və zəlzələ zamanı dağıntılar altında qalan insanların aşkar edilməsi üçün xidməti itlərə təlimlər keçirilir. Burada eyni vaxtda 100 xidməti itin saxlanılmasına, hazırlanmasına, onların baytar müayinəsindən keçməsinə və müalicəsinə imkan var.

 

Sonra Komitə sədri Qabon Respublikasının gömrük əməkdaşlarına Kinoloji Mərkəz tərəfindən hədiyyə edilən iki itin sənədlərini təqdim edib.

 

Daha sonra Dünya Gömrük Təşkilatına üzv dövlətlərin gömrük xidmətlərinin təlimçi və itlərdən ibarət komandalarının nümayişi keçirilib. Nümayişdə Özbəkistan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Azərbaycan və Argentina komandaları iştirak edib.

 

Daha sonra yarışlara start verilib. İlk olaraq əl yüklərinin axtarışı üzrə yarış keçirilib.

 

İtlər təlimatçı-kinoloqların müşayiəti ilə qısa zaman ərzində verilən tapşırıqları dəqiqliklə yerinə yetiriblər. Onların çıxışları qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

 

Bu itin adı Muxtardır. 7 yaşı var. Dəfələrlə beynəlxalq yarışlarda qalib olub. Ölkəmizə medal və kuboklar gətirib.

 

Rusiya Federasiyasından gətirilən bu it isə özünün qeyri-adi performansı ilə diqqəti öz üzərinə yönəldə bilib.

 

Kinoloji Mərkəzdə öyrədilən itlərin çətin tapşırıqların öhdəsindən dəqiqliklə gəlməsi qonaqların marağına səbəb olub.

 

İndi yarışa Azərbaycanı təmsil edən "Layma" adlı it qatılacaq. Bu it cinayətkarın tapılmasına nail olmağa çalışacaq.

 

Yarışın birinci günü iştirakçılar sertifikatlarla təltif olunub. Yarışlar 3 gün davam edəcək. Sentyabrın 8-də itlər Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda minik maşınlarının axtarışı və yük maşınlarının axtarışı, sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində otaq şəraitində axtarış və xidməti itlərin ümumi idarəetməsi üzrə yarışlar keçiriləcək. Qaliblərə kubok və medallar təqdim ediləcək.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi 3 hektar sahəni əhatə edir. Mərkəzdə təlim itlərinin hazırlanması üçün 3 saxlama korpusu, 2 açıq meydança fəaliyyət göstərir. Mərkəzdə yetişdirilən itlərdən indiyədək bir çox ölkəyə hədiyyə edilib. Burada narkotik vasitələrin axtarışı üzrə 40-dan çox it var. Onlardan 37 it gündəlik olaraq sərhəd-keçid məntəqələrində keçirilən yoxlanışda iştirak edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR