Bakı, 7 sentyabr, AZƏRTAC
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədilə Zaqatalaya toplanışa yollanan "Rəvan” sentyabrın 7-də Bakıya qayıdıb.
AZƏRTAC xəbər verir ki, "Rəvan” hazırlıq çərçivəsində son yoxlama oyununa çıxıb. Tbilisidə Gürcüstanın elita təmsilçisi "Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib - 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.
Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
"Rəvan”ın Zaqatalada eyni adlı komanda ilə keçirdiyi ilk yoxlama oyununda hesab açılmamışdı.