Bakı, 9 sentyabr, İ.Əsədov, E.Məmmədova, AZƏRTAC
Sentyabrın 9-da Bakıda "Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri" (Madea-7) mövzusunda VII beynəlxalq konfrans işə başlayıb.
Beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mersin Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA-nın Y.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Madea-7 konfransının həmsədri, Mersin Universitetinin professoru Fəxrəddin Abdullayev açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, Böyük Britaniya və digər ölkələrdən 150-dək alimin qatıldığı konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək.
Eyni zamanda, tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələr aparılacaq.
Tədbir sentyabrın 13-də başa atacaq.