Bakı, 9 sentyabr, AZƏRTAC
Bu günlərdə Avropa İttifaqı TAİEX komissiyasının iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı “İnnovasiyanın üç qat modeli” adlı layihəyə baxılıb və icraya qəbul olunub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, layihə Avropa İttifaqı TAİEX proqramı çərçivəsində hazırlanıb.
Cari ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa İttifaqı TAİEX şöbəsinin ekspertlərinin təşkilatçılığı ilə milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üç qat spiral) münasibətlərinin qurulması mövzusunda seminar keçiriləcək.
Seminarda Avropanın qabaqcıl ölkələrin təcrübələri əsasında “innovasiyanın üç qat modeli” konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üç qat spiral və iqtisadiyyat, üç qat modelin formalaşması, regional inkişafda üç qat modelin əsasları, innovasiya nəzəriyyəsindən irəli gələn modelin əsas xüsusiyyətləri mövzularında məsələlər müzakirə olunacaq.
Alimlər, dövlət qurumlarının mütəxəssisləri və sahibkarlar seminarda qatılmaq və qeydiyyatdan keçmək üçün sentyabrın 25-dək AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinə müraciət etməlidirlər.