Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycanın həyat sığortası bazarında daima öz dinamik inkişafı ilə diqqəti cəlb edən “PAŞA Həyat” şirkəti orta müddətli strategiyasına uyğun olaraq, 2015-ci il üçün illik planında Azərbaycan sığorta bazarı, o cümlədən müştərilərin tələblərinə cavab verə biləcək səviyyədə yeni sığorta məhsullarının hazırlanması və onun bazara təqdim etməsini nəzərdə tutub.
Bunu AZƏRTAC-a müsahibəsində “PAŞA Həyat Sığorta” şirkətinin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev bildirib. Onun sözlərinə görə hazırda “PAŞA Həyat” şirkəti həyat sığortası bazarına eləcə də, fərdi və korporativ müştərilərə 8 növ üzrə könüllü həyat sığortası məhsulları, o cümlədən “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası” və “sağalmaz xəstəliklərdən sığorta”, “annuitet sığortası”, “kredit götürən şəxslərin həyat sığortası”, “əmək qabiliyyətinin sığortası”, “işsizlik sığortası” və “vacib şəxslərin həyat sığortası” məhsullarını təklif edir. Bazara təklif olunan həyat sığorta məhsullarının çeşidinə görə, PAŞA Həyat” digər göstəriciləri kimi bazarın lider şirkəti hesab edilir. Hazırda işçi qrup yeni həyat sığortası məhsulunun hazırlanması üzərində işləyir.
Şirkətin mövcud maliyyə vəziyyəti barədə məlumat verən Elnur Hüseynquluyev bildirib ki, ilin əvvəlindən “PAŞA Həyat”da yüksək inkişaf meyllərini davam etdirilir. 2015-ci ilin 7 ayı ərzində yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,813 milyon manat və ya 43,04 faiz artaraq 35,939 milyon manata, sığorta ödənişlərinin həcmi isə 5,111 milyon manat və ya təxminən 4 dəfə artaraq 6,832 milyon manata çatıb.
Bu dövrdə baş vermiş sığorta hadisələri üzrə ümumilikdə 6,882 milyon manat həcmində sığorta ödənişi verilib. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.
Şirkətin gələcək planları barədə danışan Elnur Hüseynquluyev “PAŞA Həyat”ın 2015-ci ildə də bazarın lider şirkəti olaraq qalmaq niyyətində olduğunu söyləyib. Şirkətin əsas maliyyə göstəriciləri üzrə dinamikanın əvvəlki illərə nisbətən daha da yüksəldilməsi, korporativ sosial məsuliyyət proqramlarının təşkili işlərinin artırılması, maarifləndirmə işlərinin davamlı təşkili, şirkətin rəsmi veb səhifəsinin redizaynı və digər işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulduğunu deyən mətbuat xidmətinin rəhbəri bildirib ki, səmərəli və məqsədyönlü fəaliyyət nəticəsində “PAŞA Həyat” ilin sonuna olan proqnozlar tam yerinə yetirəcək.