Naxçıvan, 10 sentyabr, AZƏRTAC
Muxtar respublikada ötən ay dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarına 11 min 537 ton yük daşınıb, 10 min 601 sərnişin xidmətdən istifadə edib.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, daşımaların vaxtında və fasiləsiz təşkili məqsədilə nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət gücləndirilib. Culfa lokomotiv deposunda elektrovozlar 6 dəfə texniki baxışdan keçirilib, bir elektrovoz və manevr teplovozu, həmçinin 31 vaqon cari təmir edilib. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün vaqonlarda profilaktik tədbirlər həyata keçirilib, istilik sistemi bərpa olunan bir vaqonda əsaslı təmir işləri aparılıb.
Nəqliyyat vasitələri ilə yanaşı, yol infrastrukturunun da hərəkətə davamlılığı təmin edilir. İnfrastruktur İdarəsinin kollektivi mütəmadi olaraq yollara baxış keçirib, tikililər, küvetlər və yol yataqları tullantılardan təmizlənib, uçqun gözlənilən yerlərdə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Dəmir yolunda stansiya və yolların elektrik, işıqlandırma və işarəvermə sistemlərinin fasiləsiz işi, radiorabitə əlaqəsinin dayanıqlılığı təmin edilib. Bu məqsədlə bütün növ elektrikötürücü hava xətlərində və kontakt şəbəkələrində təmir işləri aparılıb, işıqforlara müntəzəm baxış keçirilib, inzibati, texniki və yardımçı binalarda elektrik xətlərinin vəziyyəti yoxlanılaraq nasazlıqlar aradan qaldırılıb. Həmçinin Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılıb, Ordubad yol sahəsinin inzibati binasının və dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilib. Payız-qış mövsümünə hazırlıqla əlaqədar inzibati və yardımçı binalara baxış keçirilib, Nehrəm və Qarabörk təhlükəsizlik komandalarının binalarının dam örtükləri dəyişdirilib.