Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin Epileptologiya kafedrasının professoru, Nobukazu Nakasato Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonağa epilepsiya sahəsinin vacibliyindən söz açdı. Rektor bildirdi ki, Azərbaycanda bu sahə üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var və professorun ölkəmizə səfəri kadrların yetişdirilməsində bizə yardımçı olacaq: “Azərbaycanda bu sahə ilə nəinki bir çox həkimlər, hətta xəstələr də maraqlanırlar. Ona görə də əminəm ki, səfəriniz maraqlı keçəcək".
Rektor Əhliman Əmiraslanov gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd etdi. O, qarşılıqlı fikirlər əsnasında müqavilənin hazırlanaraq imzalanması təklifini irəli sürdü.
Epilepsiya sahəsini hərtərəfli əhatə edən proqram haqqında danışan qonaq ATU ilə bu sahədə sıx əlaqələrin yaradılmasına müsbət yanaşdığından söz açdı. O, bir çox ölkələrlə telekörpü vasitəsilə əlaqələrinin olduğunu, ATU ilə də bunu planlaşdırdığını dedi.
Tədbirdə ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Nadir Zeynalov və Nevrologiya və tibbi genetika kafedrasının əməkdaşı Kamran Salayev iştirak edirdilər.
Daha sonra ATU-nun Tədris Terapevtik Klinikasında yaponiyalı professorun da iştirak etdiyi epilepsiyanın aktual məsələlərinə həsr edilmiş elmi-praktik konfrans keçirildi.
