Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Azərbaycan Cüdo Federasiyasının konfransı keçirilib.
Konfransda federasiyanın vitse-prezidentləri və baş katibi ilə yanaşı, İdarə Heyətinin üzvləri də müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov və Olimpiya çempionu Elnur Məmmədli Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri, Elmar Babanlı isə federasiyanın baş katibi seçilib.
Bundan başqa, İdarə Heyətinin yeni üzvləri də seçilib.
İdarə Heyətində federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Sadıq Sadıqov, Mikayıl İsmayılov və Elnur Məmmədli, eləcə də baş katib Elmar Babanlı ilə yanaşı, Cəbrayıl Cəbrayılov, Ağayar Axundzadə, Nazim Hüseynov, Rasim Muradov, Raqif Abbasov, Cəbrayıl Həsənov və Mövlud Mirəliyev yer alıblar.
Konfransda çıxış edən Federasiya prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından, atletlərimizin beynəlxalq arenalarda qazandığı uğurlardan danışıb. Bildirib ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaq vacibdir. Bu məqsədlə mümkün qədər çox yarışda geniş heyətlə iştirak etmək zəruridir. Bundan əlavə, bölgələrdə də cüdonun inkişafına səy göstərmək lazımdır.
Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin yeni üzvləri seçilib