Azərbaycanlı deputat AŞPA-nın sessiyasında ölkəmizin uğurlu iqtisadi siyasətindən danışıb

22:28 28 Yanvar 2015
217 Ölkə
Ölkə mətbuatı
A- A+


Strasburq, 28 yanvar, AzərTAc 
Azərbaycanın iqtisadi artım tempi çox yüksəkdir. Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 28-də keçirilən iclasında Azərbaycanın qurum yanındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxışında səsləndirib.
Qış sessiyasının üçüncü günü danimarkalı və xorvatiyalı deputatlar Nikolaj Vilumsen və İqor Kolmanın “Bərabərlik və böhran“ mövzusunda hazırladıqları məsələ ətrafında müzakirələr keçirilib.
Müzakirələrə qatılan deputat Sahibə Qafarov qeyd edib ki, son dövrlər dünya iqtisadiyyatında arzuolunmaz proseslər baş verir. Bunun səbəbləri müxtəlifdir və yalnız iqtisadi faktorlarla izah oluna bilməz. Bu, bir reallıq və dünyanı təhdid edən ciddi təhlükədir. Müasir qloballaşma dövründə böhranın domino effekti ilə hamıya təsir edə biləcəyi ehtimalı heç də az deyil. Ona görə də böhran qapımıza çatmamış hamımız profilaktik, preventiv tədbirlər görməyə borcluyuq.
Azərbaycanın çox zəngin karbohidrogen ehtiyatlarına malik və dünya bazarlarına neft ixrac edən ölkələrdən biri olduğunu diqqətə çatdıran S.Qafarova ölkəmizin neftin qiymətinin kəskin azalmasının təsirlərini minimuma endirə bildiyini xüsusi vurğulayıb. Milli Məclisin deputatı qeyd edib ki, hələ 5 il əvvəl dünya maliyyə böhranının gözlənilən təsirlərini dəf edən Azərbaycan hökuməti öz mükəmməl iqtisadi proqramları, iqtisadi modeli ilə dünyada iqtisadi itkilərdən ən az çıxan ölkə olub. Azərbaycan hökumətinin təsirli tədbirləri ölkəmizin dünya maliyyə böhranının meyillərindən kənarda qalmasına səbəb olub. Ümumiyyətlə, xarici təsirlərə qarşı güclü immunitetin yaradılması sabit iqtisadi və maliyyə bazarının formalaşmasına imkan verib.
Hazırda da Azərbaycanda iqtisadi artım tempi dünya üzrə göstəricilərdən yüksəkdir. Dünyada bu gün iqtisadi geriləmə baş verir. Avropa ölkələrində artım tempi 0,5-1 faiz təşkil etdiyi halda Azərbaycanda bu rəqəm 2-3 faizdir. Azərbaycanın yüksək iqtisadi göstəricilər əldə etməsində güclü iqtisadi siyasət, makroiqtisadi siyasətin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlar mühüm rol oynayır.
Azərbaycan öz nadir inkişaf modelini ortaya qoymaqla dünyada baş verən iqtisadi böhranlara baxmayaraq inkişafını davam etdirir. Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanda hiss olunmur. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız və maliyyə potensialımız var. Neftin ucuzlaşması ölkəmizin real büdcə öhdəliklərini yerinə yetirməsinə də mane olmayacaq.
Digər tərəfdən, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Bu sektorun ümumi daxili məhsulda payı hər il artır. Nəticədə Azərbaycanın neftdən asılılığı getdikcə azalır. Qeyri-neft sektorunun inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və sənaye proqramlarının icrası mühüm rol oynayacaq.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Strasburq

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_deputat_ASPA_nin_sessiyasinda_olkemizin_ugurlu_iqtisadi_siyasetinden_danisib-828211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR