Bakı, 15 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
“Elektron hökumət” portalının yeni mobil əlavəsi hazırlanıb Portalın operatoru Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın sonunadək mobil əlavə “App. Store”da yerləşdiriləcək. Bununla da, müştərilər mobil telefondan istifadə etməklə istənilən ödənişi, o cümlədən dövlət ödənişlərini ən rahat şəkildə kart vasitəsilə ödəyə biləcəklər.
Əlavənin ilkin versiyası iOS əməliyyat sistemi mühitində funksional olacaq. Perspektivdə bu xidmətdən “Android” əməliyyat sisteminin idarəçiliyi ilə işləyən mobil qurğu sahibləri də istifadə edəcəklər. Əlavəyə dövlət qurumlarının bəzi elektron xidmətlərindən istifadə etməyə imkan verən bir sıra funksiyalar daxildir.