Diqqətli olun: vitamin çatışmazlığı deyil, narkomaniyadır!

Diqqətli olun: vitamin çatışmazlığı deyil, narkomaniyadır!
13:32 29 Yanvar 2015
683 Sosial
Ölkə mətbuatı
A- A+

Yapışqan iyləmək vitamin çatışmazlığı deyil
Bu gün hər kəs əsrin bəlası hesab olunan narkomaniyadan ehtiyat edir. Uşaqlarını, yaxınlarını bu bəladan qorumaq üçün çevrəsindən tutmuş hərəkətlərinə qədər nəzarət edən valideynlərin ən çox qorxduğu an övladının narkomaniyaya meylləndiyini öyrəndiyi andır.

Elə bu qorxunc hadisə ilə qarşılaşmamaq üçün valideynlər sadəcə narkomaniyaya aid bilgilər əldə edir, ondan qorunmaq yollarını araşdırır və övladını məlumatlandırırlar. Təəssüf ki, bəla sadəcə, narkomaniya deyil. Ən az onun qədər qorxulu hallar var ki, bunlardan heç kimin uşağı sığortalanmayıb və valideynlərin də bu barədə məlumatsız olması uşaqları bu bəlaya sürüklənməyə vadar edir. Narkomaniya qədər qorxulu ikinci bir vərdiş varsa, o da, toksikomaniyadır: insanın bilərək və istəyərək hər hansı bir qoxuya meyl etməsi, davamlı olaraq qoxulaması və bu qoxudan bədənini və beynini zəhərləməsi.

Türkiyədə geniş yayılan bonzai adlı dəhşətli vərdiş xüsusən yeniyetmə gəncləri hədəf alır. Bonzai sintetik bir maddə sayılsa da, ümumilikdə onun alternativi sayılan yapışqan (kley) və bu kimi maddələrdən də geniş istifadə olunur. Daim olaraq sellofanlara tökülən yapışqan, kerosin və bu kimi maddələri qoxulayaraq huşunu itirmək və bundan zövq almaq kimi qorxunc vərdişə sahib olanlar bu quyuya dost çevrəsini də daxil etməkdən çəkinmir. Narkomaniyadan daha məsum görünən bu vərdiş əslində daha təhlükəlidir və insanı anidən öldürmür. Uzun müddət əzab verərək insan həyatına son qoyan "bonzai və yapışdırıcı" dəhşəti bu gün Azərbaycanda da yayılmaqdadır.

Toksikoloq Azadə Rəhimovanın sözlərinə görə, gənclərin bu qədər toksikomaniyaya meylliliyi onun ucuz olmasından qaynaqlanır. Toksikomaniya dedikdə, sadəcə, yapışqan iyləmək nəzərdə tutulmamalıdır. Daim olaraq benzin, sabun qutuları, yapışqan, kerosin, ayaqqabı mazı iyləmək və buna vərdiş etmək, bununla beyni uyuşdurmaq və bu haldan ləzzət almaq özü belə toksikomaniyaya meylliliyi göstərir. Əksər valideynlər toksikomaniyanı vitamin azlığı ilə qarışıq saldığından vaxtında buna diqqət yetirmirlər. Halbuki, bu cür kimyəvi vasitələri iyləmək və ləzzət almaq heç də vitamin çatışmazlığl deyil:

"Toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə asılılığa gətirib çıxarır. İlk vaxtlar, sadəcə, xoş təəssürat bağışlayan və insanı rahatladan qoxular bir müddət sonra ürək bulantısı verir. Daha sonra asılılıq mərhələsi başlayır. Artıq bədən kimyəvi maddəni tələb edir. Sinirlər oyanır və siqnal yollayır ki, qoxu yollamaq vaxtıdır. Yalnız bundan sonra əsəb sakitləşir, insan özünü rahatlamış və enerjili hiss edir. Bir müddət sonra bu enerjinin yerini süstlük və yuxu hissi alır, nəticədə maddə beynə təsir etmiş olur. Daim kimyəvi maddə qoxulayan insanlar bir müddət sonra yapışqan, kerosin və bu kimi maddələrlə sakitləşmir və addım-addım narkomaniyaya yaxınlaşır".

A.Rəhimova bildirir ki, tərkibində toluen və aseton olan maddələrə meylli gəncləri əvvəlcədən müəyyən etmək mümkündür. Toksikomaniyaya meylli olan insanların heç biri birdən-birə yapışqan və bu kimi maddələri qoxlamaqla başlamayıb. Bunun üçün müəyyən mərhələ keçmək lazımdır ki, bu mərhələlər də valideynlərin gözü önündə baş verir və valideyn bunu vitamin azlığı ilə əlaqələndirir: "Bədəndə heç bir ferment və vitaminin azlığı insanı vadar etmir ki, o, ziyanlı olan maddəyə meyl etsin. Düzdür, xəstələr, hamilə qadınlar divar kağızı, daş, qum, qab üçün yuyucu vasitə və bu kimi maddələrə meyl edə bilərlər, amma bu meyllilik dəhşətli dərəcədə olmur. İnsan dərk edərək meylliliyin qarşısını alır. Valideyn əgər uşağının saç laklarına, ayaqqabı mazı qoxusuna, qaz qoxusuna, aseton və lak qoxusu, benzin qoxusuna meylliliyini görürsə, bunu keçici hal kimi qiymətləndirməməlidir. Bu qoxuların ziyanlı olduğunu izah etməli, uşağın vərdiş etməməsi üçün çalışmalıdır. Daim nəzarətdə saxladığı halda qarşısını ala bilmirsə, o zaman həkimə müraciət etməlidir".

Toksikoloq toksiki zəhərlənmə zamanı baş verə biləcək mənfi halları sadalayarkən bildirib ki, yaddaş əskikliyi, burun qanaması, mədə ağrıları, bulantı, torlu görməni bədənin kimyəvi maddələrdən zəhərləndiyinin ilkin siqnalları kimi qiymətləndirmək olar. Yeni başlayanları bu yoldan çəkindirmək mümkündür: "Uşaqları sadəcə narkomaniyadan qorumaq kifayət etmir. Çantadan çıxan boş sabun qutusuna qarşı belə həssaslıqla yanaşmaq lazımdır. Toksikomaniyanın qarşısı alınmadığı halda mütləq narkomaniyaya addım atılacaq. Bu səbəbdən valideynlər olduqca diqqətli olmalıdırlar".

Sonda isə qeyd edək ki, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nda bu kimi hallar öz əksinə tapıb. Gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasını həyata keçirəcək bu proqramın icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili İşlər Nazirliyinə, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/321600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR