"Bahalı telefon işlətməyənlər sıxışdırılır" - Sosioloq TƏNQİD ETDİ

"Brend məhsula simpatiya, pərəstiş son 10-15 ilin ciddi xəstəliyinə çevrilib. Qazandığı pulu son qəpiyinədək brend məhsullara xərcləyən, aldığı əşyaları, geyimləri istifadə etməyən və bu alışqanlığını ram edə bilməyənlərin sayı artır. Sevdiyi brendi ala bilmirsə, özünü dəyərsiz və əhəmiyyətsiz hesab edən, kreditlə, borcla istəyinə nail olan insanların sayı çoxalır".

Bunu Metbuat.az-a açıqlamasında jurnalist, sosioloq Lalə Mehralı deyib. O qeyd edib ki, yeniyetmə və gənclər orta hesabla gündə 7 saat informasiya hücumuna məruz qalır. Bu da o deməkdir ki, fikri, düşüncəsi yeni formalaşan insanlar qlobal istehlak şəbəkəsi tərəfindən ciddi formada hədəfə alınır:

"Üstəlik, gənclər arasında formalaşan sosial qruplar onları təhrik edir. Marka geyinməyənlər, bahalı telefon işlətməyənlər sıxışdırılır, alış-veriş etdiyi mağazaları öz şəxsiyyət vəsiqəsinə çevirən gənclərin sayı artır. Brend asılılığı olan həmyaşıdları tərəfindən hörmət görmək, rəğbət qazanmaq istəyən gənclər bu qlobal istehlak iqtisadiyyatı üçün ciddi bazardır".

Sosioloqun sözlərinə görə, kredit kartları ilə hər şeyin asanlıqla alına bildiyi bir mühitdə reklam strategiyası əhəmiyyətli rol oynayır:

"Bu cür reklamlarla insanlara "kredit kartından istifadə edərək limitsiz istehlakın mümkün olduğu" mesajları ötürülür. Davamlı olaraq bu cür reklam yağışına tutulan insanlar özünün marka, brend xəstəliyinə yoluxmuş olmağından xəbərsiz olur, bunu bildirənlərə qarşı aqressiv olur.

Təbii ki, brendlərin keyfiyyətini inkar etmək olmaz, lakin 20 manat dəyərində olan pambıq köynəyin brend adı ilə 2000 manata satılması istehlakçını avam yerinə qoymaqdan başqa bir şey deyil. Biz brend asılısı olduğumuz zaman məhsulun həqiqi dəyərinə görə deyil, üstünə yazılmış ada, markaya görə ödəniş edirik. Bizi cəlb edən məhsulun keyfiyyəti deyil, bahalı alış-verişin verdiyi həz və ətrafımızdan rəğbət görə bilməkdir".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı