Rusiya Federasiyasında dezinformasiyaya qarşı mübarizə tədbirləri

Rusiya Federasiyası ərazisində həm dezinformasiya, həm də ümumilikdə “yalan xəbər”lə mübarizə aparmaq vəzifəsi qısa formada “Roskomnadzor” adlandırılan “İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti”nə (Information Technology and Mass Media) həvalə edilib.

O, öz fəaliyyətini “Rabitə Nəzarəti üzrə Federal Xidmət”lə (Federal Service for Supervision of Communications) koordinasiya edərək, dezinformasiya xarakterli məlumatların dövriyyədən çıxarılması üçün addımlar atır (https://en.wikipedia.org/wiki/Russian_fake_news_laws#:~:text=The%20Russian%20fake%20news%20laws,Technology%20and%20Mass%20Media%20(Roskomnadzor ).

“Roskomnadzor” (RKN) Rusiyada media məkanına nəzarət üzrə cavabdeh olan federal icra hakimiyyəti orqanıdır. Əvvəllər Rusiya Mədəniyyət Nazirliyinin nəzdində idarə qismində fəaliyyət göstərib və ənənəvi KİV-lərə nəzarət funksiyasını yerinə yetirib. Amma sonradan səlahiyyət və statusunun dəyişdirilməsinə zərurət yaranıb. Bu zərurət internet informasiya resurslarının inkişafı, onlayn media subyektlərinin çoxalması, sosial şəbəkə platformalarının artması ilə əlaqədar olub. “Roskomnadzor”un səlahiyyət və statusunda ilk dəyişiklik 2008-ci ildə həyata keçirilib. Statusu dəyişdirilərək “Telekommunikasiya, İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Sahəsində Nəzarət üzrə Federal Xidmət”ə çevrilib. Yeni status ona bir çox yeni səlahiyyətlər verib ( https://en.wikipedia.org/wiki/Roskomnadzor).

Hal-hazırda Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin nəzdində fəaliyyət göstərir. Nazirliyin nəzdindəki 3 mühüm departamentdən (Roskomnadzor , Rospechat, Rossvyaz) biridir (https://en.wikipedia.org/wiki/Ministry_of_Digital_Development,_Communications_and_Mass_Media ).

“Roskomnadzor”un məsuliyyət sahələri genişdir. Elektron media, kütləvi kommunikasiyalar, informasiya texnologiyaları və telekommunikasiyalar üzrə qanunvericiliyə əməl olunmasına nəzarət, həmçinin radiotezlik xidmətləri üzrə işin təşkili onun səlahiyyətinə daxildir. Son yeniləmələrə əsasən, indi həm də “Fərdi məlumatların məxfiliyinin qorunması”, o cümlədən, yalan, dezinformasiya xarakterli məlumatlara qarşı tədbirlər görmək də “Roskomnadzor”un məsuliyyət zonasına verilib.

3019 nəfərlik işçi heyətlə çalışan “Roskomnadzor”un əsas üstünlüyü budur ki, o,dezinformasiya xarakterli yalan məlumatlar dərc edən həm ənənəvi kütləvi informasiya vasitələrinin, həm də internet informasiya resurslarının fəaliyyətini məhkəmə qərarı olmadan bloklamaq səlahiyyətinə malikdir. 2019-cu il martın 18-də Rusiya Federasiyasının Prezidenti “etibarsız məlumat” aşkar edildiyi təqdirdə istənilən onlayn media subyektinə girişi bloklamaq üçün “Roskomnadzor”a icazə verən FZ-31 saylı qanunu imzalayıb. Elə həmin gün fiziki və hüquqi şəxslər üçün "etibarsız məlumatların" dərcinə görə inzibati cərimələr müəyyən edən FZ-27 saylı qanun da imzalanaraq qüvvəyə minib. Beləliklə, yeni imzalanmış qanunlara əsasən, həm fiziki, həm də hüquqi şəxslər üçün “yanlış xəbəri” yaymaq hüquqi məsuliyyət yaradan əməl kimi tövsif edilib.

18 mart 2019-cu ildə Rusiyada qəbul edilmiş “Yalan xəbərlər haqqında qanun” saxta, yalan, etimadsız hesab edilən məlumatların ölkə ərazisində tirajlanmasını qadağan edir. Həmçinin bu cür xəbərlərin bilərəkdən yayılmasına görə həm fəaliyyət üzrə sanksiya, həm dəmaddi cəza təyin edir.

Saxta xəbərlər yaymağa görə verilən cəza həmin xəbərin vurduğu zərərin ölçüsünə görə dəyişə bilir. Məsələn, Baş prokurorluq hər hansı bir onlayn resursda ictimai sabitliyə zərər vuran yalan xəbəri aşkar edərlərsə, bu məlumatları yayan informasiya resurslarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı “Roskomnadzor” müraciət edə bilərlər ( https://gvp.gov.ru/gvp/faq/view/426 ). “Roskomnadzor” bu müraciəti nəşrin redaksiyasına yönləndirərək, saxta məlumatların dərhal silinməsini tələb edir. Əgər məlumatı dərhal silməsələr, “Roskomnadzor " nəşrə girişi məhdudlaşdırmaq üçün telekommunikasiya operatorlarına sorğu göndərir. Digər halda, əgər informasiya resursunun sahibi müraciəti nəzərə alaraq dezinformasiya tipli məlumatları silibsə, bu barədə “Roskomnadzor” bildiriş göndərir. “Roskomnadzor” isə bildirişin düzgünlüyünü yoxladıqdan sonra nəşrə tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması üçün telekommunikasiya operatorunu xəbərdar edir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, həm ənənəvi KİV-də, həm də internet informasiya resursunda saxta xəbərlərin yayılmasına görə maddi cərimələr tətbiq edilir. Dezinformasiyanın yayılması nəticəsində baş vermiş nəticələrin ağırlığından asılı olaraq cərimələrin miqdarı dəyişir. Vətəndaşların həyatına, sağlamlığına, əmlakına zərər vurma, həmçinin, kütləvi iğtişaşlar yaradan dezinformasiyanın ilk dəfə yayılmasına görə cərimə vətəndaşlar üçün 30 min rubldan 100 min rubla qədər, vəzifəli şəxslər üçün 60 min rubldan 200 min rubla qədər, hüquqi şəxslər üçün 200 min rubldan 500 min rubla qədər təyin olunur. Eyni hərəkətlər növbəti dəfə təkrarlanarsa, cərimələrin məbləği 2 və 3 dəfə artırıla, 1 milyon rubla qədər çatdırıla bilər.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı