Almaniyada dezinformasiya ilə mübarizə tədbirləri

“Feyk xəbər” və onun ən zərərli tiplərindən sayılan dezinformasiyanın sürətli artımının səbəbləri barədə danışarkən 3 mühüm amil önə çəkilir. Onlardan biri internet informasiya resurslarının kəmiyyət və forma baxımından çoxalmasıdır. Analitik mərkəzlər qeyd edirlər ki, yeni media alətlərinin, xüsusilə, sosial şəbəkə platformalarının inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır.

Almaniya Federativ Respublikasında da “saxta xəbər”in artımısının səbəblərinə baxış bucağı böyük mənada bu amilin üzərində köklənib. Berlində mənzillənən və ölkədə medianın özünütənzimləmə funksiyasını yerini yetirən təşkilatlardan biri - “Media Orqanlarının Birgə Ofisi” (GGS) qeyd edir ki, klassik KİV-lərin doğru xəbər yaymaq üzrə öhdəlikləri mövcuddur. Bu öhdəliklər həm qanunlarda, həm də etik kodekslərdə əks olunubdur. Qanunlar, kodekslər, təlimatlar “saxta xəbər”in peşəkar KİV müstəvisində yayımını məhdudlaşdırır, minimuma endirir ( https://www.die-medienanstalten.de/ueber-uns/ ). Sosial şəbəkə platformaları isə belə öhdəliklərdən, xəbər standartlarından uzaqdırlar.

Təşkilat təmsilçilərinin məntiqləri budur ki, saxta xəbərin geniş auditoriyada yayılmasının qarşısını almaq üçün sosial şəbəkə platformaları üzrə qaydalar müəyyənləşdirilib tətbiq edilməlidir.

Bu kontekstdə yanaşaraq, Almaniyada dezinformasiyaya qarşı mübarizə tədbirləri ilə sosial şəbəkə platformalarının tənzimləməsi üzrə qaydaların tətbiq edilməsi arasında bərabərlik işarəsi qoyulur. Təsadüfi deyil ki, Federativ Respublikada qəbul edilmiş “Sosial şəbəkələrdə qaydaların tətbiqi qanunu” (NetzDG) sadələşdirilmiş formada həm də “Şəbəkə Mühafizəsi Aktı”, yaxud, “Facebook Aktı” adlandırılır ( https://en.wikipedia.org/wiki/Network_Enforcement_Act#:~:text=The%20Network%20Enforcement%20Act%20(Netzwerkdurchsetzungsgesetz,combat%20fake%20news%2C%20hate%20speech )

2017-ci ildə qəbul edilmiş, 2018-ci ilin yanvar ayında qüvvəyə minmiş qanunun preambula hissəsində qeyd edilir ki, o, saxta xəbərlər, nifrət nitqi və dezinformasiya ilə mübarizə aparmaq məqsədi daşıyır ( https://www.gesetze-im-internet.de/netzdg/BJNR335210017.html ). Beləliklə, Almaniyada dezinformasiya ilə mübarizə qanunu həm də sosial şəbəkə platformalarında ictimai mənafe naminə qaydaların tətbiq olunmasını ehtiva edir. Qanun sosial şəbəkə platformalarının provayderləri qarşısında saxta xəbərə qarşı mübarizə aparmaq öhdəliyi yaradır. Bu məqamda Almaniyada yaradılıb tətbiq edilən və saxta xəbərə qarşı mübarizəni ehtiva edən qanunlar Çindəki analoji qanunlardan fərqlənir. Belə ki, Almaniyada qanunlar saxta xəbəri istehsal edən mənbədən daha çox, saxta xəbərin yayılmasına şərait yaradan sosial şəbəkə provayderlərini cəzalandırır. Bu, dezinformasiyaya qarşı mübarizədə tətbiq edilən yeni bir model, yeni bir metodologiyadır.

“Şəbəkə Mühafizəsi Aktı” istifadəçilərinin sayı 2 milyon nəfərə çatmış bütün sosial şəbəkə platformalarına tətbiq edilir. Əsas tələbi budur ki, istifadəçi sayı qeyd edilən həddə çatmış platformalar Almaniyada öz ofislərini açmalı, müraciət və şikayətlər üçün əlçatan olmalı, saxta xəbərin qarşısını almaq üçün çevik mexanizmlər tətbiq etməlidirlər.

Qanunun tələbinə görə, provayderlər saxta xəbər üzrə şikayətlərə baxılması üçün şəffaf prosedur yaratmalıdırlar. Bu yöndə sənədləşmə aparmaq və hesabat vermək öhdəliyi daşıyırlar. Onlar şikayətləri dərhal yoxlamalı, şikayət doğuran məzmunu 24 saat ərzində silməli, saxta olduğu mübahisə doğuran xəbərləri isə ən azı 7 gün ərzində bloklamalı, mübahisə bitdikdən sonra silinib silinməməsinə qərar verməlidir.

Qanunun tələblərindən biri də budur ki, şəbəkə provayderləri qəbul edilmiş qərarlar barədə həm şikayətçilərə, həm də ümumilikdə istifadəçilərə dərhal məlumat verilməlidir. Tələbə əsasən, sosial şəbəkə provayderləri hər 6 aydan bir hesabat verməli, daxil olan şikayətlər və onların necə həll edilməsi barədə məlumat təqdim etməlidirlər.

Bu qaydaları pozanlar pozuntunun tipinə uyğun olaraq 500 min avrodan 50 milyon avroya qədər məbləğdə cərimə oluna bilərlər.

Almaniya Federativ Respublikası “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” ilə yanaşı, həm də “Rəqəmsal Xidmətlər haqqında Qanun” qəbul edib, orada da saxta məlumatla mübarizə üzrə müddəalar nəzərdə tutub. Paralel olaraq, bu qanunların icrasına nəzarət etmək üçün inzibati qurumu müəyyənləşdirib. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” nun 4-cü maddəsinə əsasən, nəzarətedici inzibati orqan missiyası Federal Ədliyyə İdarəsinə (FƏİ) həvalə edilib. FƏİ sosial şəbəkə provayderinin bu qanunların müddəalarını pozduğunu müəyyən edərsə, provayderə qarşı lazımi tədbirlər görmək səlahiyyətinə malikdir ( https://www.gesetze-im-internet.de/netzdg/BJNR335210017.html ). Federal Ədliyyə İdarəsi ilə yanaşı, Almaniya Daxili Kəşfiyyat Xidməti və “Media Orqanlarının Birgə Ofisi” də sosial şəbəkələrdə aşkar edilən dezinformasiya hallarına qarşı tədbirlər görmək səlahiyyətinə malikdirər.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında "Facebook" qeyri-qanuni məzmunla bağlı şikayətlərə çevik reaksiya vermədiyi üçün Almaniya Federal Ədliyyə İdarəsi tərəfindən 2 milyon avro məbləğində cərimələnib. Ədliyyə İdarəsi bildirib ki, "Facebook" öz istifadəçilərinin paylaşımlarında icma standartlarının pozulmasına dair hesabatları da tərtib etməyib.

Məlumat üçün bildirək ki, əksər beynəlxalq təşkilatlar Almaniyada tətbiq edilən qanun barədə tənqidi fikirlər səsləndiriblər. Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Repartyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olmasına məhkəmə qərar verməlidir. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti inzibati icra qurumuna - Ədliyyə İdarəsinə həvalə edir ( https://rsf.org/en/network-enforcement-act-apparently-leads-excessive-blocking-content ). Beləliklə, "Facebook" və "Google"dan saxta olub-olmaması mübahisə doğuran məzmunu bloklamağı tələb edir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı