Tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın model qismində podiuma çıxması "İpək yolu" IV Avrasiya Beynəlxalq Geyim Festivalının ən maraqlı məqamlarından biri oldu. Bu barədə Milli.Az-a G.Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.
G.Xəlilova məşhur özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) kolleksiyasının dəfiləsində iştirak edib.
G.Xəlilova bildirib ki, festivalda xüsusilə kolleksiyaların təqdimatında bir-birinə kömək edən və hətta dəfilədə iştirak edən dizaynerlər arasında möhtəşəm ab-hava var idi: "Mən məşhur özbək dizayneri Hafiz Xanının dəfiləsi zamanı podiuma çıxdım ki, bu da zaldakı tamaşaçıların gurultulu alqışına səbəb oldu. Hətta Rusiyanın tanınmış dizayneri, bakılı Raf Sərdarov dəfilədən sonra mənə dedi: "Bəli, sən əsl aktrisasan!" Mənə çox xoş idi (gülür)".
Xatırladaq ki, G.Xəlilovanın "Bakı-2015" I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiyası nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.
Urumçi şəhərində (Çin) keçirilmiş festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər.
Qeyd edək ki, G.Xəlilova "Master Exibition & Performance Award" mükafatına ardıcıl iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya - "Emosiyaların partlayışı", "İlham", "İlmələrin sehri" - görə mükafat almışdı.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.







