[ 17 Sentyabr 2015 16:51 ]
Qəbələ. Elvin YAqubov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə sentyabrın 14-16-da Qəbələ şəhərində nazirliyin yaradilmasının 10 illiyinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə nazirliyin qurumları arasında çempionat keçirilib.
APA-nın məlumatına görə, yarışın açılış mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev bildirib ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyənetmə idman növü üzrə çempionatda 22 komandadan 100 idmançı iştirak edib.
Yarışda iştirakçılar komanda birinciliyi ilə yanaşı, şəxsi birincilik üzrə də bacarıqlarını nümayiş etdirib.
Komanda və şəxsi yarışlar iki mərhələdə - qısa və uzun məsafədə keçirilib, yarışın ilk günündə iştirakçılar kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə birinci çatmaq uğrunda mübarizə aparıb.
Şəxsi hesabda kişilər arasında çempionatın qalibi FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı Müvəssil Allahverdiyev, qadınlar arasında isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva olub.
Komanda hesabında birinci yeri Dövlət Sularda Xilasetmə Xidmətinin komandası tutub.
Sonda F. Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim ediblər.