Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq oyun Azərbaycan Kiber İdman Federasiyası və “WarGaming” şirkəti tərəfindən həyata keçirilir. Federasiyanın prezidenti Ramil Əliyevin sözlərinə görə, seçim turları onlayn keçirilir:
“Tank döyüşləri üzrə final mərhələsi isə LAN formatında Bakıda “Marriott” otelində təşkil olunacaq. Turnur iki formatda - komanda (3x3) və şəxsi görüşlər şəklində keçiriləcək. Şəxsi görüşlər ilkin qeydiyyat olmadan təşkil olunur. Bu yarışlarda istənilən şəxs ödənişsiz əsaslarla iştirak edə bilər. Yarışlarla yanaşı, tədbirdə iştirak edənlər arasında” WarGaming”-dən mükafatlar oynanılacaq. Turnirin aparıcısı “Comedy Radio”, TNT TV kanalının aparıcısı Andrey Rodnoydur”.
Qaydalara gəlincə, turnir bir məğlubiyyətdən sonra turnirdən kənarlaşdırılmaq şərti ilə “Single Elimination” “play-off” sistemi üzrə keçirilir: “Turnir “Qarşılıqlı döyüş” formatında keçirilir. “Play-off” raundlarında matçın qalibi maksimum dörd döyüş seriyasında ilk iki qələbəni qazanan hesab olunur.
Mükafat fonduna gəlincə, komanda hesabı üzrə I yer - komandaya 200 000 qızıl + 3000 manat; II yer - komandaya 150 000 qızıl + 1500 manat; III yer - komandaya 100 000 qızıl + 500 manat; IV yer - komandaya 50 000 qızıl nəzərdə tutulur. Şəxsi hesab üzrə I yer - 40 000 qızıl + “Apple iPhone 6” (64Gb); II yer - 30 000 qızıl + “Microsoft Xbox One”; III yer - 20 000 qızıl + “Apple iPad mini 3” 16GB müəyyənləşib.
Turnir zamanı sosial şəbəkələrdə də xüsusi müsabiqələr təşkil olunacaq.
Həqiqət İSABALAYEVA