Dədələrimizin izi ilə gəzdiyim sirli torpaq...

Dədələrimizin izi ilə gəzdiyim sirli torpaq...
16:49 29 Yanvar 2015
1069 Dünya
Ölkə mətbuatı
A- A+

2-ci məqalə

 

 

 

Ona aşiqliyinin ətəklərinə sarıl...

Bir pərvanədən yanmağın incəliyini, dərin mənasını öyrən.

Atəş içində bir saray binə et! Cisminə Eşqi yerləşdir...

Mustafa ilə olan əhdini təzələ...

 

Pakistanın dünya şöhrətli şairi Muhammed İqbal       

 

 

Pəncabdan danışım sizə...

O diyardan söz açım ki, “Açıqdır cənnət qapısı, Ləli-gövhərdir yapısı...” Pir Sultan Abdalın ruhu şad olsun, ən möhtəşəm məkanın, gözəl diyarın tərifini belə verirmiş...

Pəncabdan danışım sizə: “Bir nəzərdə qalmayalım, gəl dosta gedəlim, könül” istəyinə, havasına könül açıb qədəm-qədəm gəzib-dolaşdığım Pəncabdan...

“İgid ikən ölənlərə köynəyini biçən” Pəncabdan söhbət açım. O gözəlim Pəncabdan ki, Yunus Əmrə dədəmiz söylədiyi kimi:

 

Şol cənnətin irmaqları,

Axar Allah deyə-deyə.

Çıxmış İslam bülbülləri

Ötər Allah deyə-deyə.

 

Söz yerinə düşdü, Yunus dədəmizin “Şol cənnətin irmaqları” misrası havadan, yox yerdən özünü yetirmədi ki!

Pakistanın dörd əyalətinin hamısından qələbəlik olan Pəncabın adı bu əsrarəngiz məkanı çevrələyib keçən irmaqların varlığından götürülüb. Belə ki, farsca pənc-beş, ab-su, irmaq mənasında işlənir və Pəncabın əziz, doğma adı da bu sözlərin bir araya gəlməsindən yaranıb.

Pəncab Pakistanın ən inkişaf etmiş və ən çox əhalisi olan əyalətidir. Ölkə əhalisinin 52 faizi burada yaşayır. Pəncabın əsas mədəni, tarixi, tarixi və iqtisadi mərkəzi, belə deyək ki, paytaxtı Lahordu.

 

 

Çayların sevgilisi

 

Pəncabın xüsusi özəlliklərindən biri odur ki, əvvəlcədən də qeyd etdiyimiz kimi Pakistan sözünün əvvəlində gələn “P” hərfi Pəncab sözünün əvvəlində gələn “P” hərfindən götürülüb. Belə deyək ki, Pakistan Pəncabın ilk hərfindən başlayır. Beş çay mənasını verən Pəncabda 100 milyon insan yaşayır. Çayları Himalay dağlarından Ərəb dənizinədək axıb getməkdədi.

Çay vadiləri boyunca yerləşən əyalət əsasən münbit və verimlidir.

Pəncabın Mahabbarata dövründə Pançanada kimi tanındığı vaxtlar olub. Bu o zamanlar idi ki, bölgədə əsas yaşayış məskəni Harrara şəhəri idi. Qandhara Mahajanapadas, Əhəmənilər, Makedoniyalılar, Maurya, Kuşan, Qupta, Hindi Şahi, Qurjara-Pratihara və qədim Rajputana kimi imperiyaların bir hissəsi kimi tanınan Pəncabda kənd təsərrüfatı inkişaf etmiş, Multan və Lahor kimi ticarət mərkəzləri yaranmışdı. Bu bölgəyə fars, yunan, kuşan və əfqan basqıları zaman-zaman davam etmişdi.

     Bölgənin əsas şəhərlərindən biri olan Taxilanın əsasının Ramın nəvəsi, Bharatın oğlu Takş tərəfindən qoyulduğu söylənməkdədi. Bu şəhərdə dünyanın ən qədim universitetlərindən olan Takşaşila Universiteti yerləşirdi və Taxila Maurya imperiyası dövründə ən böyük öyrətmə və intellektual müzakirə mərkəzi idi. Taxila YUNESKO-nun Dünya İrs siyahısına salınıb, qədim arxeoloji və dini tarixə malikdir.

Pəncab Pakistanın Bəlucistandan sonra ərazisinə görəikinci ən böyük əyalətidi. Ölkənin ən böyük 6 şəhərindən biri bölgənin paytaxtı Lahordu. Eyni zamanda Pəncabda Faysalabad, Ravalpindi, Multan, Gujranvala, Bahavalpur, Sialkot, Sargodha, Gujrat , Sheikhupura və Jhelum kimi böyük şəhərlər də yer almaqdadı.

Bu bölgənin sonsuz asimanında görkəmli dövlət xadimi və ədib, Böyük Moğollar imperiyasının banisi, “Baburnamə”nin müəllifi Zahirəddin Babur şahın kövrək ruhu şeir-şeir, söz-söz dolanmaqdadı. Bəlkə də Pəncabın gözəllikləri önündə vəcdə gəlib “Könlüm kimi könlünə giriftar görmədim” yazmışdı. Bəlkə də bu gözəl diyardan axıb gedən irmaqların xoş, mülayim havasına könül aça-aça yazmışdı ki:

 

Canımdan özgə yari-vəfadar görmədim,

Könlümdən özgə məhrəmi əsrar tapmadım.

 

Tarixin gedişatında – 712-ci ildə Məhəmməd ibn Osmanın rəhbərlik etdiyi müsəlman ordusu Sindh və Cənubi Pəncaba daxil olmuşdu. Bu xəlifəlik Məhəmməd Peyğəmbərin (s.) vəfatından sonra qurulan ikinci islam xəlifəliyi idi. Bu xəlifəliyə Əməvilər sülaləsi rəhbərlik edirdi.

Pəncaba islamı qəbul etmək barədə xəbəri Məhəmməd ibn Qasım gətirmişdi. Hind çayı boyunca Sindh və Multan regionlarını da Əməvi xəlifəliyinə birləşdirən o olmuşdu. Qasımın bu müvəffəqiyyətləri Hindistanda islam dininin yayılmasına rəvac vermişdi.

Növbəti minillik ərazində Pəncab əfqanlardan, paştunlardan və türklərdən təşkil olan və yerli qəbilələrlə əməkdaşlıq edən müsəlman imperiyalarının tərkib hissəsi olur. Bununla da Cənubi Asiyada islam dini güclənməyə başlayır və özünün pik dövrü Moğollar imperiyası dövrünə təsadüf edir.

Olmuşdu bütün bunlar; Mahmud Qəznəvi dövründə Lahor Əfqanıstanda yerləşən Qəznəvilər imperiyasının ikinci paytaxt şəhərinə çevrilmişdi. Bu zamandan sufilərin ziyarətləri nəticəsində Pəncabda islam dini hakim mövqe qazanmış, önə çıxmışdı.

Mahmud Qəznəvi dönəmində imperiyanın torpaqları bugünkü Əfqanıstanı, Şərqi İran və Pakistan torpaqlarını əhatə edirdi.

 

 

Dədəmiz Nadir şahın izlərini daşıyan torpaq

 

Bu bölgədə Sufi dərvişlərini gəzib-dolaşdıqları zamanların əfsanələri indinin özündə də dil əzbəridi.  Moğollar regiona 1524-1739-cu illərdə hökmranlıq etmiş və bölgədə əsasən Lahorda yerləşən Şalimar Bağları və Badişah Camisini inşa edilmişdir. Müsəlman əsgərləri, tacirləri, memarları, din adamları və Sufilər müsəlman dünyasının müxtəlif bölgələrindən Cənubi Asiyadakı İslam sultanlığına gəlmiş və bəziləri Pəncabda məskunlaşmışlar. Moğolların devrilməsindən sonra Azərbaycan türkü olan, əfşarlar sülaləsinin lideri, dünya tarixinə adını yazmış bir padişah olan Nadir şah Hind çayını kəçərək  1739-cu ildə bu əyaləti fəth edir. Sonra Əfqan şahı Əhməd şah Durrani Pəncabı ələ keçirərək Durrani imperiyasına birləşdirir və 1762-ci ilədək bu imperiyanın bir hissəsi olur.

      Müsəlman imperiyaların minillik dövrü başa çatmaq üzrə idi və gərgin dövrlər başlamaqda idi. 1758-ci ildən sonra isə bölgə hind Maratha imperiyasının nəzarətinə keçir. Müsəlman millətçisi Seyid Əhməd Barelvi mübarizə apararaq İslam qanunlarına uyğun İslam dövlətini yaratmağa cəhd göstərir. Amma uzun illər aparılan mübarizə uğurlu olmur və Seyid Əhməd Barelvi qətlə yetirilir. Maharaja Ranjit Sinqhin 1839-cu ildə vəfatından sonra Britaniya imperiyası bölgəni nəzarətinə keçirmək üçün ciddi mübarizə aparır və buna nail ola bilir.

     1947-ci ildə Pəncab dini mənsubiyyətə uyğun Şərqi Pəncab və Qərbi Pəncaba bölünür. Qərbi Pəncab yeni dövlət olan Pakistana birləşdirilir, Şərqi Pəncab isə müasir Hindistanın bir hissəsi olur. Bu əyalət  Pakistanda ən böyük etnik qrup olan pəncablıların yaşadığı yerdir. 1960-cı illərdə yeni paytaxt İslamabad şəhəri Pəncabın bir hissəsi olan Ravalpindi yaxınlığında qurulur. 1950-ci illərdə Pakistanın qərb və şərq hissələri arasında gərginlik var idi. Vəziyyəti nizamlamaq məqsədilə 1955-ci ildə Pəncabın əyalət statusu ləğv edilir. Yeganə Qərbi  Pakistan  əyalətinə birləşdirilir. 1972-ci ildə Şərqi Pakistan ayrılır və Banqladeş yaradılır, Pəncab yenidən əyalət olur. Pəncab 1965 və 1971-ci illərdə Hindistan və Pakistan silahlı qüvvələri arasında baş vermiş əsas döyüşlərin şahidi olub. 1990-cı illərdən Pəncab Pakistanın nüvə proqramının bir neçə əsas mərkəzi yerlərindən (misal üçün Kahuta) birinə çevrilir. 2004-cü ilin əvvəllərində Hindistan və Pakistan arasında başlayan sülh prosesi vəziyyətin sabitləşməsinə yardımçı oldu. Vaqah sərhədindən ticari və insani əlaqələr getdikcə inkişaf etməyə başlayır. 1980-ci illərdən başlayaraq çoxlu sayda pəncablı Yaxın Şərqə, Britaniyaya, İspaniyaya, Kanadaya və Birləşmiş Ştatlara iqtisadi imkanlar əldə etmək məqsədilə mühacirət edirlər və bu gün dünyada Pakistan diasporunda Pəncab kökənlilərin sayı çoxdur və güclü bir diaspordur.

Bütün bunlar uzaq keçmişin tarixi yaşantılarıdı. Ondan da əvvəllərin Vedic sivilizasiyası (eradan əvvəl 1500-500-cü illər) Pəncab məkanının coğrafi ərazisini qapsayıb keçmişdi. Regionda yunan-buddist mədəniyyətinin yayılması tarixi eradan əvvəlin 165-150-ci illərinəcən əl aparır. Müsəlman, türk imperiyalarına bağlı tarix kitabdan-kitaba, məxəzdən-məxəzə adlamaqdadı.

Reallıqda, göz önündə olan isə müasir, abad və islam əxlaqı, yaşam tərzi ilə süslənmiş Pəncabdı. Beş çay, su mənasında tarixi ad daşıyan irmaqlar, vadilər yatağı Pəncab... Bir gələn “bir də gəlləm, ölüb qallam bu yerdə” ehtiramı, haqq-sayı ilə yaddaşına köçürməkdədi.

Pakistanın müstəqillik qazanmasından sonra Pəncabda sənaye sürətlə inkişaf etməyə başlayır. Yeni zavodlar qurulur. Lakin kənd təsərrüfatı Pəncab iqtisadiyyatının ən böyük sektoru qalmaqdadır. Bu əyalət ölkənin əsas buğda rayonu olmaqda davam edir.

 

 

 

Həyatımdan silinməz izlər...

 

   Qədim, sirli, mistik, sufi müqəddəslərin sıx-sıx gəzib-dolandıqları Lahor şəhərini və Pəncab əyalətini könlümün istəyincə görmək iki dəfə mənə qismət olub.

İlk səfərim yazımın əvvəlində də qeyd etdiyim kimi, Əfqanıstan müharibəsi dövrünə təsadüf edir. İndi o illəri yadıma salanda ilk olaraq gözlərim önünə daha çox qaçqın əfqan uşaqlarının hər şeydən şübhələnən, qorxmuş baxışları, həyəcanlı, iztirablı durumları gəlir. Əfqanıstan-Pakistan arası sınırların durumu mənə İkinci Cahan savaşı barədə ekranlardan izlədiyim davalı filmlərin kadrlarından tanış olan səhnələri xatırladırdı; Fövqəladə hərbi qayda-qanunla hər addımbaşı üzləşmək adi hal idi. Beqəfil, heç gözləmədiyin səmtdən qəfil atəşə rast gəlmək təhlükəsi insanları daban-dabana izləməkdə idi. Doğma Azərbaycana dönüş yolum Lahordan keçirdi. Açığını deyim ki, müharibədə jurnalist kimi çalışmağın, hər gün gərgin şəraitdə material hazırlamağın, gərgin yolların və görüşlərin sonucunda çox yorulmuşdum. Həyatın bu üzünü də görmək, ölüm-itimin hər üzünün adiləşməsinə şahid olmaq təbii ki, insan ömründən izsiz-tozsuz ötüşmür. Belə hallarda insan zəkasının hökmran olacağı romantikasına, xülyasına uyduğu illərin acısını daha çox çəkir adam. O qarmaqarışıq, yorğun durumun ərəfəsində, üstəlik Lahor çəkilişlərim, müsahibələrim, hazırlamalı olduğum proqram və materiallarım da var idi. Yorğunluğum səbəbindən bu işlərin öhdəsindən gələ biləcəyimə elə də əmin deyildim. Qaçqın ailələrin iztirab dolu baxışları gözlərim önündən getmirdi. Mən bu baxışları əvvəllər ancaq kino kadrlarında və doğma Qarabağımızdan didərgin salınmış soydaşlarımın ağrılı anlarında görmüşdüm. Üzüntülü idim. Amma Lahor mənim üzümə bir rahatlıq, dinclik aləmi kimi açıldı. Lahora gəlişimin üçüncü günündə artıq nəzərdə tutduğum proqram və müsahibələri hazırlaya bilmişdim. Eyni zamanda ürəyim istəyincə gəzib-dolaşmaq imkanı da qazanmışdım. Bir növ, doğmalaşmışdıq. Vurulmuşdum Lahorun islam əxlaqı, müsəlman düşüncəsi ürpədən, qoxuyan durumuna. Hər qədəmi məni valeh etmişdi. Dədə Ələsgərin “Səni gördüm, əl götürdüm dünyadan” deyimi Lahorun hər qədəmi boyunca idi. O ilk səfərim zamanı təkcə Lahor yox, Pəncabın digər şəhərləri də qarşımda əfsanələr dünyası kimi açılmışdı. Ötən əsrin 60-cı illərində dəbdə olan kuzovlu maşınların xüsusi zövqlə bəzədilmiş, ən diqqət çəkən bəzək əşyaları ilə süslənmiş durumuna hər addımbaşı rast gəlmək olardı. Öküz, at, ulaq qoşulmuş arabaların ekzotik görünüşü ilə yanaşı, bir yandan da gəlin odası kimi bəzədilmiş motorollerlər... Az qala bütöv ailələrin özlərinə yer edə bildikləri motosikl və velosipedlər, onlarla bir arada ən müasir avtomobil növləri... Eyni küçə və prospektlərdə eyni vaxtda bir-birinə yol verə-verə keçib gedən öküz arabaları, motosikl, motoroller, velosiped, ən müasir modelli avtomobillər və milli geyimli insanlar... Hamısı bir arada, eyni zaman daxilində. Və hər kəs bu duruma öyrəşmiş, isinişmiş...

 

 

Ölməz eşqin izləri var bu yerdə...


   Festival günləri idi. Küçə boyu milli geyimli rəqqaslar hər iki yandan xüsusi çubuqla döyəclənən təbillərin ritmincə halay getməkdədi. Barmaqlar tütək dilləri üstə rəqs etdikcə oyunçular əllərindəki yaylığı boyunları üstündən dolandırmaqdadılar... Bir səmtdə saraylar aləmi çəkir nəzəri. Padşahın sarayı deyilən səmtə göz hərləyirsən və bir göz qırpımında elə bil baxışların yüzillərin o biri başına sancılıb qalır. Hələ bir Eşq bağçası deyilən əfsanəvi seyrangah... Hökmdarların seyrə çıxdığı bağça. Saray önündə, böyük hovuzla üzbəüz kral və imperatorların əyləşdiyi xüsusi “Loja”, necə deyərlər, hücrə hələ də tarixə yoldaşlıq edir. Qarşı tərəfdə - əfsanəvi hovuzun tən ortasında rəqqasələr üçün inşa edilmiş xüsusi meydan əlbəəl diqqəti cəlb edir.

Tarixi karvansaraya nəzər yetirdikcə sufi müqəddəslərinin qutsal durumu, gəzəri dünyaları gözlərim önündən gəlib keçirdi; nur kələfi, Ay ziyası kimi. Babur imperatorluğunun 4-cü sultanı Cahangirin türbəsi hələ də ziyarətçilərə könül açmaqdadı. Böyük göy üzünə salama duran hər iki qübbəsini 12-dən çox tağbənd birləşdirməkdədi.

 

Gecələri bir ayrı aləmdi Lahorun

 

Çuqun, mis qazanlarda bu yerlərin məşhur Kəşmir çayı qaynamaqdadı. Müxtəlif çiçək, yarpaq qatışıqlarının qaynadıldığı qazan durmadan qarışdırılır. Adına “qara çay” dedikləri də var. Çölməklə bakallara süzülür. Xüsusi çubuqla iç ki, içəsən. Deyirlər can məlhəmi, can dərmanıdı.

Hələ Vəzirxan camesinə götürən yollar. Hələ küçə boyu dükanlarda satışa çıxan geyim-keçimlərin zər naxışları...

Mərcidən, fısdıqdan, bibərdən tutmuş hər cür ədviyyata, çərəzə qədər dopdolu çuvallar bazar boyunca...

Lahora, gözəlim Pəncab bölgəsinə gəlişimin ilk təəssüratlarıdı bunlar...

Lahora ikinci dəfə millət vəkili kimi Asiya Parlament Assambleyasının 7-ci sessiyasında iştirak üçün getmişdim. Bu dəfə də Lahor ilk səfərimdə olduğu kimi qarşıladı bizi; mehriban, doğma və gülərüz. İnsanların səmimiyyəti, mehribanlığı da öz yerində. Hələ bir Azərbaycandan gəldiyimizi, üstəlik də türk olduğumuzu biləndə hansı xoş duyğular keçirdiklərini görəydiniz. Hələ də qulaqlarımdan getmir dillərinin “siz doğma qardaş-bacılarımız, din, iman dostlarımız” söyləməsi.

Asiya Parlament Assambleyasının yüksək səviyyədə keçən 7-ci plenar sessiyasının üç günlük toplantıları çərçivəsində təşkil edilən şəhər gəzintilərimiz imkan verdi ki, bu əfsanəvi şəhərin özəlliklərini bir daha könlümə-gözümə, yaddaşıma köçürüm.

Pakistan əhalisinin yarısının yaşadığı Pəncabda əhalinin çoxu pəncab dilində danışırlar. Pəncablılar ölkədə ən böyük etnik qrupdur və pəncabi Pəncabın əyalət dili olaraq tanınır. Ölkənin konstitusiyasına uyğun olaraq pəncabi dili Pəncabda rəsmi dil hesab edilməkdədi. Lakin orta və ali məktəblərdə dərslər urdu və ingilis dilində tədris olunur. Pakistan İslam Respublikasının rəsmi dili urdu və ingilis dili olmasına baxmayaraq, hər əyalətin özünün də yerli danışıq dili var. Məsələn, Sind əyalətində sind, Bəlucistan əyalətində bəluc, Xeybər Paxtunva əyalətində puştu dili daha çox istifadə olunur, amma, bütün əyalətlərdə rəsmi dövlət dili urdu və ingilis dilidir ki, rəsmi yazışmalar, orta və ali məktəblərdə dərslər bu dillərdə aparılır.

 

 

“Öylə rüzgarlar var – görünməz...”

 

Belə yazır, var olan, ancaq gözlə görünməyən rüzgarların havasını bu misralarla çeşidləyirdi Cəlaləddin Rumi dədəmiz...

Ancaq Pəncabın bir çox ərazilər üçün kəskin hava şəraiti elə ilk baxışdan fəhm ediləndi. Bu rüzgarlar üçün çox vaxt yağışla müşayiət olunan dumanlı qış səciyyəsindədir. Yazı fevralın ortalarında gəlir, yayı aprel ayından, qışı noyabr ayından başlayır.

 

“Basılmaz sərçəsi tox olan vətən”

 

Tanınmış bir Azərbaycan şairinin yazdıqlarıdı. Unudulmaz xalq şairimiz Səməd Vurğunun “Basılmaz çörəyi bol olan vətən” deyiminə fikir ortağı olaraq yazıb. “Çörək bol olan yerdə mahnı da var” məşhur kəlamı ilə bir arada işlədilir.

İslam dünyasının paklıq daşıyıcısı, paklıq mərkəzlərindən biri olan Pakistanın Pəncab əyalətində yaşayıb-çalışan insanların məramı boyuncadı bu deyilənlər. burada hər şey iqtisadiyyatın inkişafına yönəldilib. Pəncab Pakistanın ən böyük iqtisadiyyatına sahiblik edən bir region olub, ölkənin inkişafına ən çox töhfə verən bölgədi. Xüsusilə də xidmət və kənd təsərrüfatı sahəsində. Ən böyük işçi qüvvəsinə sahiblik etməsi buna imkan verir.

Pakistanın peşəkar və yüksək səriştəli (texniki) ən böyük işçi qüvvəsi burda yerləşir. Həmçinin, istehsal sahəsində hakim mövqeyə malikdir və Pəncab Pakistanın ən sənayeləşmiş əyalətidir. Onun istehsal fabrikləri tekstil, idman geyimləri, ağır dəzgahlar, elektrik cihazları, cərrahiyyə alətləri, sement, nəqliyyat vasitələri, avtomobil hissələri, İT, metal, şəkər məmulatları, təyyarələr, sement məhsulları, kənd təsərrüfatı maşınları, velosipedlər və iki-təkərli nəqliyyat vasitələri (rikşa), döşəmə və örtüklər, emal məhsulları istehsal edirlər. 2003-cü ildə əyalət Pakistanın 90% kağız  və kağız məmulatları, 71% gübrələr, 69% şəkər və 40% sement istehsal etmişdi.

Buğda və pambıq becərilən əsas bitkilərdir. Digər bitkilərə düyü, şəkər qamışı, darı, qarğıdalı, tərəvəzlər və meyvələrdir. Mal-qara və toyuq əti istehsalı çox mühüm yer tutur. Pəncab ölkədə illik taxıl məhsullarının 76%-ni istehsal edir. Pambıq və düyü mühüm bitkilərdir. Pəncabda 68 mindən artıq sənaye vahidləri vardır.

Pəncab mineral ehtiyatlarla zəngin əyalət olub, mineral ehtiyatlar – kömür, dəmir, qaz, neft, daş duz (dünyada ikinci ən böyük daş duz ehtiyatlarına malikdir), dolomit, gips və kvars tozu geniş yayılıb.

 

Pəncab – qədim sivilizasiya beşiyi

 

... 8 min illik tarixə malik olan Harrapa xarabalıqları;

...Hər naxışında Quran ayələrinin süsləndiyi kalliqrafik yazıların sıralandığı qədim məscid;

...eramızın 1320-ci ilinə şahidlik edən Şah Rux-Ələm mavzoleyi;

...1150-ci ilin olmuşlarına şam yandıran, Cənubi Asiyada minalanmış erkən tikili tarixinə sahiblik edən Şah Yusif Kardezi məzarlığı;

...Şeyx Musa Ahangar məzarlığı;

...İmperator Şah Cahan məzarlığı – bütün bu tarixi abidələr Pəncab əyalətinin qos-qoca tarixi varlığının kəsişmələrinə şahidlik edən abidələrdi.

Qədim, çox qədim, ancaq gerçək bir eşq hekayətinin əbədiyyətə hesablanan örnəyi – məşhur Tac-Mahal abidəsinin sözü-söhbəti bu gözəl məkanda heç unudulmur... Hindistan Moğollar imperiyasının 5-ci imperatoru behiştlik Şahabuddin Məhəmməd Şah Cahanın sevimli xanımı Mumtaz Mahalın şərəfinə Aqrada ucaltdırdığı abidə kimi parlaq füsunkardı Pəncab mədəniyyəti...

Sufi mədəniyyətindən qaynaqlanır bu mədəniyyət. Zaman-zaman bu bölgədə sufi müqəddəsləri islam dinini atəşin, pak bir düşüncə hücrəsi olaraq yaymış, müsəlman həyat tərzi yaşamışlar. Bu ənənələri xalq bayram mərasimlərinin köynəyinə bələyib yaşatmaqdadı. Bu bayramlar xalqın folklor ənənələrinə, qan yaddaşına və mədəniyyət abidələrinə ayna tutur, onların ömrünə ömür calayır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ruhu dincəldən musiqilər

 

İslam dünyasında əhəmiyyətli günlər olan Qurban, Ramazan bayramları, Aşura, Qədr günləri bizdə olduğu kimi, Pəncabda da əziz tutulur. Hələ bir Cumuhatul-Vida günləri, Mela festivalları...

 

         Sufilərin şərəfləndirdiyi Pəncab

 

Bir də urs mərasimləri... Sufi müqəddəslərinin, xüsusilə Dita durbar məzarlıqları ilə məşhur olan Pəncabda o behiştliklərin anım günləri tarixi qədirbilənlik hissi ilə həmişə keçirilməkdədi.

Bu mərasimlərin hər məqamında ruhu dincəldən melodiyalar çalınır, rəqslər edilir. Təbii ki, folklordan, sufi düşüncədən süzülüb gələn musiqilər. Sanki pak ruh, pak düşüncə yolçuluğunda həyatlarını ləyaqətlə qeyb etmiş dədələrə mistik mesajlar, xoşməramlı pıçıltılar göndərilir ki, haqq dünyasında arxayın uyuyun, nigaran qalmayın, varıq, olacağıq və sizin pak adınıza layiq ömür sürəcəyik. Ən mühüm urslardan bir neçəsinin adını qeyd etmək istəyirəm – o böyük süfilərin, ulu müqəddəslərin ruhlarına ehtiram olaraq: Lahora Dita Ganc Bukşurs, Jhanqda Həzrət Sultan Bahu urs, Lahorda Həzrət Mian urs, Pakpattanda aba Fərid Ganc Şakar urs, Multanda Həzrət Bahaudin Zakira urs, Dera Ghazi xanda Sakhi Sərvər Sultan urs, Lahorda Şah Hüseyn urs, Kasurda Həzrət Bullerh urs və s.

Bu sətirləri yaza-yaza 11-ci əsr sufisi və alimi, islam dinin Cənubi Asiyada yayılmasının fikir babalarından olmuş Əbül Həsən Əli ibn Usman əl – Jullabi al-Haqiveri əl-Qəznəvinin adını dərin sayğıyla yad edirəm. Lahorda 1077-ci ildə vəfat etdiyi bilinir. Ruhu şad olsun. Məşhur “Kəşf-əl-Məhcub” adlı əsəri hələ də ruhlara qutsal bir sufi düşüncəsi əsdirməkdədir. Lahordakı mavzoleyi önəmli ziyarət məkanlarındandı.

Hələ bir Sultan-ul-Arifin kimi tanınan müsəlman alimi Sultan Bahu (1630-1691)... Sərvəri Qədri Sufi qaydasının əsasını qoymuş şair və müqəddəslərdəndi. Sufizmlə bağlı 40-dan artıq kitabı məlumdur. Şeirləri sufi musiqisinin müxtəlif janrlarında səslənməkdədi.

Bu müqəddəslər sırasında Baba Sani Leir Məhəmməd Sahibin (1550-1635) adı başdan gəlir. Xəlifə Ömər ibn-əl Xəttabın nəslindən idi. Sufiliyin Qədiri qaydasına mənsubluğu ilə tanınırdı. Moğol imperatoru Şah Cahanın böyük oğlunun mənəvi müəllimi kimi tanınan bu böyük müqəddəsin kiçik bacısı Bibi Camal xatun onun davamçısı kimi fəaliyyət göstərmişdi.

Pəncabın sufi şairlərindən Həzrət Khvacia Firiduddin Məsud Janqiakarın adını necə anmayasan? Hələ bir Şah Hüseynin (1538-1599). Şeyx Osmanın oğlu idi. Lahorda yaşayırdı və Pəncab poeziyasında Kavıfornun ilk nümayəndəsi kimi tanınmaqdadı. Məzarı Lahor Şalimar Bağları qonşuluğundakı Bağbanpura ərazisindədi. Hər il anım mərasimi ibadətgahında “İşıqlar  festivalı” dövründə qeyd edilir.

Sufi şairi və filosofları sırasında Bulleh Şahın da əziz yeri var ki, Seyid Abdullah Şah Qədri adıyla da tanınmaqdadı.

Sonra  gəlir  Seyid Varisin ismi-şərifi. Herr və onun sevgilisi Raiqihanın ənənəvi folklor nağılına əsaslanan “Heer Ranciha” əsəri ilə daha çox tanınır. Bu mövzu çox sayda şairlər tərəfindən qələmə alınsa da, daha çox Seyid Varisin yazıqları ilə məşhurdu.

Ən çox yayılmış musiqi alətləri Tabla və Harmoniumdur.

 

 

 

              Bir görən bir də görüm deyir...

 

Bu əyalət Şalimar Bağları, Lahor Qəsri, Badşahi məscidi, Rohtas qəsri və qədim Harrapa şəhərinin xarabalıqları daxil olmaqla tanınmış tarixi yerlərin vətənidir. Anarkali Market və Cahangirin məzarı lahorun görməli yerləri olmaqla yanaşı, burda Lahor muzeyi də yerləşir. Qədim Taxila şəhərinin şimal-qərbində buddist və hindlilərin təsirinin güclü olduğu əsas mərkəz yerləşir. Bir çox ibadətgahlar Pəncabın Pakistan hissəsində yerləşir. Bura ilk Qurunun doğum yeri olduğu yer də daxildir: Quru Nanak (Nankana Sahibdə anadan olub).

Asiyanın ən böyük duz mədənləri Pakistanda Khevra duz mədənləridir. Khevra duz mədənləri ziyarətçilərin ziyarət etdiyi yerlərdən biri olub, burda böyük duz mədənləri bir-birilə mürəkkəb yollarla əlaqəlidir. Mədənlərin içində duz daşından olan kiçik, lakin gözəl məscid yerləşir. Bu mədənlər asma xəstələrinin şəfa tapa biləcəyi yer olub, astmalı xəstələr burda nəfəs almaq və müalicə kursları keçməklə asma və nəfəs sistemi ilə bağlı bir çox xəstəliklərdən qurtula bilib şəfa tapa bilərlər. Bura bir neçə məşhur vadi stansiyaları vardır – Murrce, Bhurban, Patriata və Munro qəsri.

 

Pəncab bir yazıya sığdırıla bilməyəcək qədər böyük bir tarixə, mədəniyyətə, zənginliyə sahib olmaqla bərabər dünyada ən səmimi insanların yaşadığı yerlərdən biridir. Dədələrimizin ayaq izləri ilə gəzdim hər zaman Pəncabı və onlar mənə bu yerlərin doğma olduğunu, onu daha yaxından tanımanın və Pakistanla qardaşlığın, dostluğun artmasının vacibliyini pıçıldadılar. Pəncabdan “təkrar görüşənədək” deyib ayrıldım.

 

Yaxın zamanlarda yenidən görüşənədək sirli, əsrarəngiz və gözəl Pəncab.

 

 

(Ardı var)

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR